Çərşənbə axşamı, 8 Sentyabr, 2026
Tarix: 08 Sep 2026 12:13
Azərbaycanda torpaqların konsolidasiyası istiqamətində ilkin planlaşdırma işlərinə başlanılıb.
"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün hüquqi əsas formalaşdırılıb.
Məcnun Məmmədov qeyd edib ki, ilkin mərhələdə layihənin Salyan və Qəbələ rayonlarında 19 kəndi və ümumilikdə 20 min hektara yaxın ərazini əhatə etməsi nəzərdə tutulur.
O bildirib ki, Azərbaycan bu sahədə əsasən Türkiyənin təcrübəsindən yararlanır. Bu məqsədlə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub, eyni zamanda Türkiyədən olan mütəxəssislər Azərbaycana gələrək Salyan və Qəbələdə layihənin həyata keçirilməsi nəzərdə tutulan ərazilərlə tanış olublar.
Hazırda ilkin planlaşdırma işlərinin aparıldığını deyən nazir bildirib ki, bu mərhələ başa çatdıqdan sonra sahə işlərinə başlanılması nəzərdə tutulur.
“Düşünürəm ki, təxminən bir ildən sonra sahə işlərinə də başlanacaq”, – deyə Məcnun Məmmədov əlavə edib.
Rahim Tarıverdiyev Məcnun Məmmədov torpaqların konsolidasiyası pilot layihə Salyan QəbələMənbə: apa.az