TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır

TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır

Tarix: 16 Sep 2026 10:20

17 il əvvəl Naxçıvan Sazişinin imzalanmasından sonra TDT ümumi dəyərlərə əsaslanan çərçivədən layihəyönümlü regional əməkdaşlıq üçün fəal platformaya çevrilib.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Türk Dövlətləri Təşkilatı ilə birgə Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.

O qeyd edib ki, türk dövlətləri üçün əsas vəzifə ortaq coğrafiyanı, mədəni əlaqələri, tarixi, insan kapitalını və iqtisadi potensialı praktiki, dayanıqlı və inklüziv inkişafa çevirməkdir.

Baş katibin sözlərinə görə, son illərdə TDT-nin çoxtərəfli əməkdaşlığı genişlənib və müxtəlif sahələri əhatə edən 63 mexanizm formalaşıb. Bu əməkdaşlıq xarici siyasət və ticarətdən enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və kosmik tədqiqatlara qədər geniş spektri əhatə edir.

Baş katib qeyd edib ki, qarşıya qoyulan məqsəd yalnız ticarət həcmlərini artırmaqla məhdudlaşmamalıdır.

Ticarətin daha sürətli, praktik, rəqəmsal və şaxələndirilmiş olması, həmçinin regionda biznes və icmalar üçün daha çox fayda yaratması vacibdir.

O, bu baxımdan Türk Dünyası 2040 Vizyonunun mühüm strateji çərçivə olduğunu bildirib. Sənəd iqtisadi inteqrasiyanın dərinləşdirilməsini, bağlantıların yaxşılaşdırılmasını, institutların gücləndirilməsini, bilik əsaslı sənaye sahələrinə investisiyaların artırılmasını, dayanıqlı və inklüziv artımın təşviqini nəzərdə tutur.

Kubanıçbek Ömüralıyev iqtisadi əməkdaşlığın əsas prioritetlərindən birinin nəqliyyat və logistika bağlantılarının inkişafı olduğunu deyib. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin türk dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm alətlərdən birinə çevrildiyini vurğulayıb.

“Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil. Bu dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır və ticarət, investisiya və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır”, - deyə TDT-nin baş katibi bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturdan asılı deyil: "Limanlar, dəmir yolları, avtomobil yolları və logistika mərkəzləri uyğunlaşdırılmış sistemlər, standartların harmonizasiyası, səmərəli sərhəd prosedurları, tariflərin əlaqələndirilməsi və etibarlı rəqəmsal xidmətlərlə dəstəklənməlidir".

Toğrul Quluzadə TDT Ömüralıyev Orta dəhliz

Mənbə: apa.az

Xəbər Lenti