Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək

Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək

Tarix: 17 Sep 2026 11:00

Mərkəzi Bank ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da nəzarət edəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək.

Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar Mərkəzi Bankın sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, Mərkəzi Bankın maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.

Qanun layihəsi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.

Firuzə Vahid Mərkəzi Bank maliyyə maliyyə qrupları

Mənbə: apa.az

Xəbər Lenti