Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY

Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY

Tarix: 17 Sep 2026 17:24

Milli dəyərlərin qorunması Türk Dövlətləri Təşkilatının (TDT) gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır .

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Arzu Nağıyev deyib ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi və siyasi məsələlərlə məhdudlaşmır: “Milli-mənəvi dəyərlərin qorunması, milli özünüdərk və gənc nəslin düzgün istiqamətləndirilməsi də dövlətlərin təhlükəsizliyinin mühüm komponentlərindəndir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə də qeyd etdiyi kimi, gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün də uğurla davam etdirilir. Gənclərin təhsil alması, inkişaf etməsi, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etməsi və öz potensialını reallaşdırması üçün geniş imkanlar yaradılıb. Burada əsas məsələlərdən biri isə gənclərin yalnız dövlət siyasətinin obyekti kimi deyil, eyni zamanda bu siyasətin formalaşmasında iştirak edən fəal tərəf kimi qəbul edilməsidir”.

Xarici təsirlərə qarşı əsas amil

Parlamentin komitə sədri qeyd edib ki, bu gün dünyada informasiya və kommunikasiya imkanlarının genişlənməsi müxtəlif ideoloji təsirlərin də sürətlə yayılmasına şərait yaradır: “Sabitliyi pozmaq istəyən qüvvələrin əsas hədəflərindən birinin gənclər olması bu məsələyə xüsusi diqqət yetirilməsini zəruri edir. Ona görə də gənclərin fikirlərini dinləmək, onların narahatlıqlarını və gözləntilərini öyrənmək, qarşılaşdıqları çağırışlarla bağlı açıq müzakirələr aparmaq vacibdir. Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərə, ənənələrə və həyat tərzinə sadiqlik əsas tendensiyadır. Prezident İlham Əliyev də çıxışında antimilli və satqın strukturların marjinal xarakter daşıdığını və cəmiyyətin mütləq əksəriyyəti tərəfindən rədd edildiyini bildirib. Bu reallıq milli həmrəyliyin və dövlətçilik düşüncəsinin cəmiyyətdə mühüm dayaqlara malik olduğunu göstərir”.

TDT çərçivəsində gənclər əməkdaşlığı genişləndirilməlidir

Arzu Nağıyev hesab edir ki, bu istiqamətdə TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır: “Təşkilata üzv ölkələrin gənclər təşkilatları arasında daha sıx əlaqələrin qurulması, müntəzəm forumların, konfransların və müxtəlif birgə layihələrin keçirilməsi gənclərin bir-birini daha yaxından tanımasına imkan verər. Eyni zamanda, ortaq tarix, dil, mədəniyyət və milli dəyərlər əsasında formalaşan əlaqələrin gücləndirilməsi Türk dünyasının gələcək nəsilləri arasında həmrəyliyin möhkəmlənməsinə xidmət edə bilər.

Gənclərdən gözləntimiz odur ki, onlar dövlətçilik və vətənpərvərlik prinsiplərinə sadiq qalmaqla yanaşı, müasir çağırışları düzgün qiymətləndirə bilsinlər. Bunun üçün gənclərlə daha çox danışmalı, onların fikirlərini eşitməli və onları narahat edən məsələlərə vaxtında reaksiya verməliyik. Çünki milli dəyərlərin qorunması yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyin təhlükəsizliyinin təmin edilməsidir.

TDT-nin qarşısında duran əsas vəzifələrdən biri də məhz bu ortaq dəyərlər üzərində gənclərin potensialını bir araya gətirməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, TDT ölkələri arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və xalqlar arasında daha sıx əlaqələrin qurulması təşkilatın beynəlxalq rolunun gücləndirilməsinə xidmət edə bilər”.

Arzu Nağıyev milli dəyərlər TDT

Mənbə: apa.az

Xəbər Lenti