Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb

Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb

Tarix: 18 Sep 2026 19:56

Qafqaz Albaniyasının tarixi və xristian irsi son günlər yenidən gündəmə gəlib. Qarabağda yerləşən qədim Alban-xristian abidələri ilə bağlı müzakirələr, diplomatik nümayəndələrin Gəncəsər və Xudavəng məbədlərinə səfəri, eləcə də Azərbaycan rəsmilərinin bu irsin tarixi əhəmiyyəti ilə bağlı açıqlamaları mövzunu aktuallaşdırıb. Paralel olaraq, Ermənistan tərəfinin Azərbaycanın Qarabağdakı xristian irsini Qafqaz Albaniyası ilə əlaqələndirməsinə etirazları da müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib. Son dövrdə ölkənin müxtəlif bölgələrində aparılan arxeoloji tədqiqatlar isə Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi məsələsini yenidən ön plana çıxarıb.

Hikmət Hacıyev: Qarabağda Alban-xristian irsinin izləri var

İki gün öncə Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb. O bildirib ki, bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.

Mövcud müzakirələr fonunda bu gün Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Qafqaz Albaniyası haqqında tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun "Azərbaycan – tarixi-coğrafi atlas"ından çıxarışlar mövzusunda seminar keçirilib.

Seminarda müxtəlif QHT nümayəndələri, o cümlədən media nümayəndələri iştirak edib.

Həsən Həsənov: Atropatena və Albaniya dövlətlərinin yaranma tarixi səhv verilib

“Nə qədər ki Atropatenanın, Albaniyanın yaranma tarixini dərsliklərdə doğru qeyd edilmir, bizə qarşı atəşlər dayanmayacaq”, – Həsən Həsənov məruzəyə belə başladı.

O vurğuladı ki, Azərbaycan tarixi dərsliklərində Atropatena və Albaniya dövlətlərinin yaranma tarixi səhv verilib: “Bu da tariximizin əsas problemlərindən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu da bunu həll etmək istəmir. Onlar Sovet konsepsiyasiyasının üzərində durublar. Ona görə də bu gün öz nəşr etdiyimiz tarixi mənbələr əsasında bizi “vururlar”.

Hər kəsin ağlında sual işarələri yaranır. Bəs Atropatena və Albaniya dövlətləri əslində nə vaxt yaranıb?

Albaniya e.ə 4-cü əsrdə yox, məhz e.ə 66-cı ildə yaranıb

Həsən Həsənov qeyd etdi ki, albanlara aid “çar” sözü eramızdan əvvəl 66-cı ildə – Pompeyin dövründə istifadə olunub: “Albaniya e.ə 4-cü əsrdə yox, məhz e.ə 66-cı ildə yaranıb. Bu vaxta qədər 546 il Albaniya Atropatenanın tərkibində olub. Bu, ermənilərə cavab vermək üçün əsasdır. Atropatena isə e.ə 612-ci ildə yaranıb. Bunu olduğu kimi yazsaq, böyük problem aradan qalxar”.

Böyük ekranda əks etdirilən coğrafi-atlasda yazılıb: “Atropatena/Adorbayqan ölkəsinin yaradılmasından (e.ə 612-ci il) Alban şahlığının yaradılmasına qədər (e.ə 66-cı il) olan 546 il ərzində alban və sakların yaşadıqları torpaqlar "Atropatena/Adorbayqan" adlı ölkənin tərkibinə daxil olub. E.ə I əsrdə əsas sakinləri albanlar və saklar/sakesinlər olan və hələ də Atropatenanın tərkibində qalan keçmiş Aşquz şahlığının ərazisi Atropatenanın tərkibindən çıxarılır və müstəqil Alban şahlığı elan edilir. Gələcək Albaniya şahlığının torpaqlarında ilk dövlət e.ə VIII əsrdə kimmerlər tərəfindən yaradılıb və etnonim əsasında "Qimiray/Qamir" adlandırılıb. E.ə VII əsrdə onlar öz ölkələrini Urartu şahının basqınlarından qorumağa nail olub. E.ə 673-cü ildə hakimiyyət skiflərə keçdi və bu ölkəni "Aşquz" adlandırmağa başladılar. Bu sözün kökündə "quz" ("oğuz") etnonimi olub. Assuriya mixi mətnlərində bu iki ölkə barədə yazılıb”.

Coğrafi atlasda qeyd edilib ki, Albaniya şahlığı haqqında ilk xatırlama e.ə 66-cı ilə aiddir. Belə ki, Plutarx və Dion Kassi məhz bu dövrün hadisələri ilə əlaqədar olaraq Albaniya şahı haqqında məlumat verirlər: “Pompey haqqında hekayətdə (e.ə. 66-cı ildə) ilk dəfə "albanların şahı"nın adı çəkilir (Plutarx, Pompey, 34). Həmçinin, Dion Kassi e.ə. 66-cı ildə Pompeylə bağlı hadisələri təsvir edərkən belə bir xatırlatma verir: "Albanların şahı Oroyz". Yalnız şahın varlığı şahlığın da mövcud olduğunu bildirə bilər. Beləliklə, antik mənbələrdən aydın olur ki, mərkəzləşmiş müstəqil Albaniya şahlığının əmələ gəlməsi e.ə 66-cı ilə aiddir”.

Alimin digər tarixi arqumentlərindən biri isə odur ki, Albaniyada hakim olan sülalələrin heç birinin ermənilərə aidiyyəti yoxdur: “M.Xorenli və M.Kaqankatukluya görə, Albaniyanın ilk hakim sülaləsi Sisak nəsli, ilk şahı isə Aran olub. Tədqiqatçılar sisakların nəslinin skif mənşəli olduğunu qəbul edirlər".

Albaniya xəritədə necə göstərilir?

Daha sonra alim ekranda coğrafi-atlasda yer alan Albaniyanın xəritəsini nümayiş etdirdi: “Bu xəritə çox əhəmiyyətlidir. Moisey Xorenli və Musa Kaqankatuklunun məlumatlarına görə Qafqaz Albaniyasının tarixi coğrafiyasını əks etdirən xəritədə dövlətin ərazisi Böyük Qafqaz dağlarının ətəklərindən Araz çayına qədər uzanan geniş məkan kimi təqdim olunur. Xəritədə Kür və Araz çayları, Bərdə–Partav şəhəri, Qəbələ, Xnarakert/Xunan qalası, eləcə də Vanand və Sisak kimi bölgə və tayfa adları qeyd edilib. Xəritədəki izahlarda Albaniya ərazisində müxtəlif tayfaların məskunlaşması və onların yerləşdiyi coğrafi istiqamətlər barədə məlumatlar da verilir. Bu material qədim Albaniyanın tarixi coğrafiyasını, yaşayış məntəqələrini və tayfa məskunlaşmasını vizual şəkildə təqdim edir”.

Alban şahlığının əmələ gəlməsində erməni amili olubmu?

Həsən Həsənovun sözlərinə görə, Albaniyanın öz müstəqilliyini bəyan etməsində nə Parfiya, nə də erməni amili bir rol oynayıb. Alban şahlığının əmələ gəlməsi albanların özlərinin iradəsi və hakim alban tayfası ilə Atropatenanın hakim sülaləsi arasında müəyyən münaqişənin nəticəsi idi:

“Bəzi mənbələrdə erməni hökmdarı Artaksinin Kaspiananı ələ keçirməsi Ermənistanın şərq sərhədlərinin Xəzərədək uzandığına sübut kimi göstərilir. Lakin verilən mətnə görə, qədim tarixçi Strabon burada Albaniyada yerləşən Kaspianadan deyil, Midiya ərazisindəki Kaspianadan bəhs edir. Mənbədə həmçinin Tiqranın Atropatena hökmdarları ilə münasibətlərinin birbaşa fəthdən çox, müəyyən siyasi ittifaq və asılılıq xarakteri daşıdığı vurğulanır. Bu yanaşmaya əsasən, Qafqaz Albaniyasının dövlət kimi meydana gəlməsi Ermənistan və Parfiyanın siyasi qərarlarının nəticəsi deyil, bölgədəki yerli siyasi proseslərin nəticəsi olub”.

***

Qafqaz Albaniyasının tarixi və xristian irsi ilə bağlı müzakirələr davam etdikcə, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də bu irsin elmi mənbələr və arxeoloji faktlar əsasında öyrənilməsi və təqdim edilməsidir. Qarabağda Gəncəsər, Xudavəng və digər qədim xristian abidələri ilə bağlı gündəmə gələn müzakirələr göstərir ki, regionun tarixi irsi yalnız keçmişin deyil, bu günün də aktual mövzusudur. Azərbaycan tərəfi bu abidələrin Qafqaz Albaniyasının irsi ilə bağlılığını tarixi və elmi əsaslarla ortaya qoymağın vacibliyini vurğulayır. Görünən odur ki, əsrlər əvvəl yazılan mənbələrin, xəritələrin və daş kitabələrin üzərində aparılan araşdırmalar Qarabağın tarixi keçmişinə dair müzakirələrin əsas istiqamətlərindən biri olaraq qalacaq.

Günay Elşən Albaniya Atropatena QHT Həsən Həsənov tarix

Mənbə: apa.az

Xəbər Lenti