Bloomberg: ABŞ Minabdakı məktəbə zərbənin hazırlanması zamanı süni intellektdən istifadə edib

Bloomberg: ABŞ Minabdakı məktəbə zərbənin hazırlanması zamanı süni intellektdən istifadə edib

Tarix: 20 Sep 2026 01:38

ABŞ hərbçiləri İranın cənubundakı Minab şəhərində qızlar üçün ibtidai məktəbə endirilən zərbə ilə bağlı qərarın hazırlanması zamanı süni intellekt sistemlərindən istifadə ediblər.

Bu barədə “Bloomberg” hadisə ilə bağlı araşdırmada iştirak edən mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, zərbəyə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Palantir” şirkətinin “Maven Smart Systems” (MSS) sistemlərinə inteqrasiya edilmiş süni intellekt imkanlarına həddindən artıq güvənib.

“Bloomberg”in mənbələrinin sözlərinə görə, hadisədən cəmi bir neçə saat sonra Pentaqon rəsmiləri zərbənin ABŞ tərəfindən endirildiyi qənaətinə gəliblər.

Hadisənin şəraitini araşdıran ABŞ Müdafiə Nazirliyinin nümayəndələri faciəyə “bir fəlakətli qərarın deyil, bir sıra kiçik qərarların” səbəb olduğunu müəyyənləşdiriblər. Agentliyin məlumatına görə, ABŞ hərbçilərinin zərbənin qarşısını almaq üçün bir neçə imkanı olsa da, bunlardan istifadə edilməyib.

Pentaqon hadisə ilə bağlı araşdırmasını bir neçə ay əvvəl demək olar ki, başa çatdırsa da, hesabat indiyədək ictimaiyyətə açıqlanmayıb.

Fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini bildirmişdi. İran tərəfinin məlumatına görə, hücum nəticəsində 168-i şagird olmaqla 175 nəfər ölüb, daha 95 nəfər yaralanıb.

ABŞ Prezidenti Donald Tramp daha sonra hücuma görə İran Silahlı Qüvvələrini ittiham edib, lakin bu iddianı təsdiqləyən sübut təqdim etməyib. Sonradan zərbə yerində aşkarlanan raket qalıqlarında ABŞ istehsalı olan sursata aid markalanmanın olduğu bildirilib.

ABŞ İran süni intellekt Minab

Mənbə: apa.az

Xəbər Lenti