Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 14:43
“AzerGold” QSC “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində 4 əsas strateji layihə həyata keçirəcək.
APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
O bildirib ki, 4 layihə üzrə ümumi investisiya həcmi təxminən 3,63 mlrd. manat təşkil edir. Bu investisiyaların təxminən 10%-nin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Zakir İbrahimovun sözlərinə görə, ilk layihə “Söyüdlü” qızıl yatağıdır. Yataqda ilk istehsalın 2028-ci ildə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin qızıl resursu 1,03 mln. unsiya təşkil edir və kəşfiyyat işləri davam etdirilir. Bu səbəbdən resursun artması ehtimal olunur.
O qeyd edib ki, qızılın hazırkı qiyməti ilə “Söyüdlü” layihəsinin iqtisadi dəyəri 7,5 mlrd. manat, tələb olunan investisiya isə 425 mln. manatdır. İnvestisiyanın “AzerGold”un daxili gəlirləri və cəlb ediləcək borc vəsaitləri hesabına maliyyələşdirilməsi planlaşdırılır.
İdarə Heyətinin sədri bildirib ki, ikinci layihə Naxçıvanda yerləşən “Ortakənd” qızıl yatağıdır. Burada ilk istehsalın 2029-cu ildə başlanması nəzərdə tutulur. Yatağın qızıl resursu 246 min unsiya, iqtisadi dəyəri isə 1,8 mlrd. manatdır. Layihə üzrə tələb olunan investisiya 255 mln. manat təşkil edir və maliyyələşmənin “AzerGold”un daxili gəlirləri və cəlb ediləcək borc vəsaitləri hesabına həyata keçirilməsi planlaşdırılır.
Zakir İbrahimovun sözlərinə görə, “Filizçay” polimetal yatağı geoloji və digər amillərə görə dünyanın digər polimetal yataqları kimi ən mürəkkəb yataqlardan biridir.
“Filizçay” layihəsinin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 mln. ton sink və 1 mln. ton qurğuşun resursunun hasilata cəlb edilməsi nəzərdə tutulur.
Layihənin iqtisadi dəyəri 29,7 mlrd. manat, tələb olunan investisiya isə təxminən 1 mlrd. manatdır. Layihənin “AzerGold”un daxili gəlirləri, cəlb ediləcək borc vəsaitləri və müxtəlif həcmdə investor vəsaitlərinin hesabına həyata keçirilməsi nəzərdə tutulur.
“AzerGold”un İdarə Heyətinin sədri qeyd edib ki, “Daşkəsən” dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Layihə çərçivəsində illik 2 mln. ton isti briketləşdirilmiş dəmir istehsal gücünün yaradılması planlaşdırılır. Tələb olunan investisiya 1,95 mlrd. manat təşkil edir.
Layihənin dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
“Beləliklə, 4 strateji layihə üzrə qeyd etdiyim kimi, təxminən 3,63 mlrd. manat investisiya tələb olunur və bunun təqribən 10%-nin dövlət büdcəsindən ayrılması üçün müraciət ediləcək”, - deyə Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, “AzerGold” milli dağ-mədən sahəsinin aparıcı dövlət şirkəti kimi Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamət üzrə fəaliyyət göstərəcək.
“Birinci istiqamət qızıl hasilatı və emalıdır. “Söyüdlü” və “Ortakənd” üzrə ümumilikdə təxminən 1,28 mln. unsiya əlavə qızıl ehtiyatlarının hasilata cəlb edilməsi ölkə üzrə qızıl ixracını əhəmiyyətli dərəcədə artıracaq”, - deyə İdarə Heyətinin sədri qeyd edib.
O əlavə edib ki, ikinci istiqamət qara metallurgiyadır. “Daşkəsən” layihəsi çərçivəsində 2 mln. ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və bunun təxminən 1,7 mln. ton hissəsi ixrac potensialını formalaşdıracaq.
“Üçüncü istiqamət əlvan metallardır. “Filizçay” üzrə mis, sink, qurğuşun resursunun hasilata hazırlanması ölkəmizin ixrac portfelini genişləndirəcək və yeni sənaye istiqamətini formalaşdıracaq”, - deyə Zakir İbrahimov bildirib.
O vurğulayıb ki, dördüncü istiqamət dağ-mədən sənayesinin yan sahələrinin inkişafıdır. Bu layihələr yeni istehsal zəncirlərinin, xidmət sahələrinin və ümumilikdə sənaye potensialının güclənməsinə töhfə verəcək.
Emil İsmayılov AzerGold Zakir İbrahimovMənbə: apa.az