“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO

“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO

Tarix: 23 Sep 2026 12:46

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Qərbi Azərbaycanda Alban İrsi” mövzusunda seminar keçirilib.

APA xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, tarixçilər, arxeoloqlar və QHT rəhbərləri iştirak ediblər.

AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli seminarın məqsədi və iştirakçılar haqqında məlumat verib. O bildirib ki, seminarın əsas məqsədi tarixin ən vacib və strateji əhəmiyyətli səhifələrindən birinə, Qərbi Azərbaycandakı alban xristian irsinə işıq salmaqdır:

"Qafqaz Albaniyasının irsi Azərbaycan dövlətçiliyinin, etnogenezinin və mədəni yaddaşının ayrılmaz, tərkib hissəsidir. Əcdadlarımız olan albanlar bu torpaqların yerli etnosu olaraq əsrlər boyu zəngin bir mədəniyyət formalaşdırmışlar. Təəssüflə qeyd etməliyik ki, 1836-cı ildə Alban Apostol Kilsəsinin çar Rusiyası tərəfindən ləğv edilərək Erməni Qriqoryan Kilsəsinin tabeliyinə verilməsi ilə bu zəngin irsin sistemli şəkildə mənimsənilməsi və saxtalaşdırılması prosesinə başlanılmışdır. Uzun illər boyu Göyçə, Zəngəzur, Dərələyəz və digər tarixi torpaqlarımızdakı Qıpçaqvəng, Gülvəng, Qoşavəng kimi yüzlərlə alban abidəsinin kitabələri silinmiş, memarlıq quruluşu dəyişdirilmiş və dünya ictimaiyyətinə saxta erməni irsi kimi təqdim edilmişdir. Biz vətəndaş cəmiyyəti institutları olaraq bu tarixi həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması işində fəal olmalıyıq. Bugünkü seminarımız da həmin elmi həqiqətlərin qorunmasına və Qərbi Azərbaycandakı maddi-mədəni irsimizə sahib çıxmaq missiyamıza xidmət edir”.

Seminarda UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri və AMEA-nın aparıcı elmi işçi, professor Məhəbbət Paşayeva təqdimatla çıxış edib. Məhəbbət Paşayeva Qədim Qıpçaq kəndində yerləşən Qıpçaqvəng monastırı, Gülvəng, Qoşavəng, Tatev kimi zəngin alban xristian abidələri barədə geniş məlumat verib, bu abidələrin memarlıq üslubunun erməni dini memarlığından tamamilə fərqləndiyi elmi faktlarla əsaslandırııb.

Məruzəçi bildirib ki, albanlar Azərbaycan xalqının etnogenezində iştirak etmiş yerli etnoslardan biridir və bu qədim xristian irsi xalqımızın tarixi-mədəni xəzinəsinə aiddir.

Tədbirdə hazırda Ermənistan Respublikasının ərazisində yerləşən tarixi Azərbaycan torpaqlarının – Göyçə, Zəngəzur, Dərələyəz, İrəvan və digər mahalların yüzilliklər boyu Qafqaz Albaniyasının mədəni-siyasi təsir dairəsində olduğu diqqətə çatdırılıb.

Seminar zamanı alban irsinə qarşı törədilən mədəni vandalizm və saxtakarlaşdırma siyasəti barədə ətraflı məlumat verilib, dəlillər diqqətə çatdırılıb. Xüsusilə, 1836-cı ildə Rus Sinodunun qərarı ilə Alban Apostol Kilsəsinin ləğv edilərək Erməni Qriqoryan Kilsəsinin tabeliyinə verilməsindən sonra arxivlərin talanması, daş kitabələrin silinməsi və alban elementlərinin qriqoryanlaşdırılması prosesi əyani sənədlərlə nümayiş etdirilib. İşğal illərində Ağoğlan məbədindəki qədim alban stellasının oğurlanması və abidələrin altar hissələrinin dəyişdirilməsi kimi faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda Qərbi Azərbaycandakı alban irsinin qorunması, beynəlxalq müstəvidə obyektiv tanıdılması və alimlərin bu ərazilərdə maneəsiz elmi tədqiqat aparmaq hüququnun təmin edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, bu istiqamətdə Azərbaycanın beynəlxalq multikulturalizm siyasətinin uğurları, o cümlədən Romada Papanın Qreqorian Universitetində keçirilmiş beynəlxalq elmi konfransların əhəmiyyəti qeyd olunub.

Seminar mövzu ətrafında geniş müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb.

İlkin Naib Qərbi Azərbaycan Alban QHT
“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO
“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO
“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO
“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO
“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO
“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO
“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO

Mənbə: apa.az

Xəbər Lenti