Şənbə, 26 Sentyabr, 2026
Tarix: 25 Sep 2026 22:05
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp bu təklifi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Zelenski ilə keçirdiyi görüş zamanı səsləndirib. ABŞ administrasiyası Rusiya-Ukrayna danışıqlarının bərpasına çalışdığı bir vaxtda Tramp əvvəlki imtinalara baxmayaraq, Zelenskini Putinlə görüşmək üçün Moskvaya səfər etməyə çağırıb.
“Bloomberg”in mənbələrinin məlumatına görə, Zelenski ABŞ Prezidentinin təklifini qəbul etməyib. Mənbələr, həmçinin Trampın bu məsələni yenidən gündəmə gətirməsinin Zelenskini narazı saldığını bildiriblər.
Tramp və Zelenski sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.
Donald Tramp Volodimir Zelenski Vladimir Putin Rusiya-Ukrayna
Mənbə: apa.az