- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 21.06.2024 19:01
İyunun 21-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair təhsil ekspertləri, ictimaiyyət nümayəndələri ilə maarifləndirici görüş keçirilib.
APA xəbər verir ki, riyaziyyat fənni üzrə test imtahanının təşkil edildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə keçirilən görüşdə iştirakçılara təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat verilib.
Bildirilib ki, şəffaflığın təmin edilməsi məqsədilə imtahan mərhələsinin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan da daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir. Prosesə dövlət ümumi təhsil müəssisələrində çalışan 24 064 müəllim cəlb olunub.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, bu günə kimi sertifikatlaşdırma prosesində iştirak etmiş 35 000-dən çox müəllimin əməkhaqqısı artırılıb. Bu tədris ilindən əməkhaqqısı artırılan müəllimlərin sayının 55 000-ə çatacağı proqnozlaşdırılır.
Görüşdə sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinə müsbət təsiri də müzakirə olunub, həmçinin qonaqların sertifikatlaşdırma prosesi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Daha sonra görüş iştirakçıları imtahan prosesini izləyiblər.