Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar müzakirə olunub

Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar müzakirə olunub

Tarix: 01 Oct 2026 21:34

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, Tərəfdaşlıq Prioritetləri, yeni ikitərəfli saziş üzrə danışıqlar, enerji və nəqliyyat bağlantıları, iqlim əməkdaşlığı, eləcə də regional məsələlər müzakirə edilib.

Yalçın Rəfiyev son dövrdə Azərbaycanla Aİ arasında yüksək səviyyəli təmasların intensivləşdiyini, enerji, ticarət və bağlantılar sahəsində əməkdaşlığın genişləndiyini bildirib.

Orta Dəhlizin artan əhəmiyyətinə toxunan nazir müavini Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində gördüyü işlər, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, təbii qaz tədarükünün genişləndirilməsi perspektivləri və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr də müzakirə olunub.

Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı fikir mübadiləsi zamanı Vaşinqton sammitindən ötən dövrdə əldə edilmiş irəliləyişlər, Azərbaycanın sülh gündəliyi və etimad quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verilib.

Görüşün sonunda COEST nümayəndə heyətinin sualları cavablandırılıb.

Azərbaycan Avropa İttifaqı Yalçın Rəfiyev COEST

Mənbə: apa.az

Xəbər Lenti