Ukrayna "Yandex"in daha bir data mərkəzinə PUA zərbəsi endirib - YENİLƏNİB

Ukrayna "Yandex"in daha bir data mərkəzinə PUA zərbəsi endirib - YENİLƏNİB

Tarix: 09 Oct 2026 13:03

Ukraynanın dron hücumları nəticəsində “Yandex”in iki data mərkəzinə ziyan dəyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Yandex" məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-dən 8-nə keçən gecə Ryazan vilayətindəki Sasovoda bir məlumat mərkəzinə ciddi ziyan dəyib və mərkəzin fəaliyyəti tamamilə dayandırılıb. Oktyabrın 9-da səhər Kaluqada başqa bir məlumat mərkəzinə hücum edilib və infrastrukturunun bir hissəsi sıradan çıxıb.

“Yandex” qeyd edib ki, dron hücumları nəticəsində heç bir işçi xəsarət almayıb.

Şirkət mütəxəssislərin infrastrukturu bərpa etmək üçün çalışdığını, lakin onun bərpası üçün müəyyən vaxt tələb olunduğunu açıqlayıb.

"Data mərkəzləri “Yandex”in "dəmir ürəyi" hesab olunur. Onların funksionallığı insanların gündəlik həyatının bir hissəsinə çevrilmiş xidmətlər üçün vacibdir", - “Yandex” açıqlamasında bildirib.

***

11:46

Kaluqadakı "Yandex" məlumat mərkəzinin bir neçə modulu Ukrayna dronunun hücumu nəticəsində sıradan çıxıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Yandex"dən bildirilib.

Qeyd edək ki, oktyabrın 8-də Ukrayna ordusu "Yandex"in Ryazan vilayətindəki məlumat mərkəzinə zərbə endirib.

Fərid Əkbərov Yandex

Mənbə: apa.az

Xəbər Lenti