O’Brayn: Orta Dəhlizin region üçün çox vacib bir addım olduğuna inanırıq

Tarix: 28.06.2024 18:30

Orta Dəhlizin bütövlükdə region üçün çox vacib bir addım olduğuna inanırıq. Orta Asiya dövlətləri beynəlxalq bazara Rusiya və ya Çin vasitəsilə ixrac edirlər, indi onların Xəzər dənizi üzərindən keçərək bunu edə bilmək imkanını görürük.

APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan da dövlət olaraq Xəzər dənizindən keçən malları və xidmətləri qəbul edərək bunların qlobal bazara çıxmasına şərait yarada bilər:

“Bu yol Gürcüstandan keçə bilər və ya Ermənistanla Türkiyədən keçərək beynəlxalq bazara çıxması üçün böyük imkan var. Bu fürsət həm də nəqliyyat xərclərini aşağı salacaq, həmçinin geosiyasi müdaxilədən təhlükəsiz alternativlər təmin edəcək. Tacikistandan Türkiyəyə qədər bütün xalqlar bu dəhlizin açılmasından faydalanacaq. Biz inanırıq ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir və biz bilirik ki, bu, Ermənistan və Azərbaycan arasında anlaşmadan başlayır”.

O’Brayn qeyd edib ki, Orta Dəhlizə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, eləcə də ABŞ-ın maliyyə korporasiyası və digərlərinin marağı ola bilər.

“Siyasi baxımdan fikrim budur ki, layihə bütün region xalqları üçün imkanlar yaradacaq və həqiqətən də ən uğurlu sülh layihəsi olacaq. Beləliklə, biz bunun müsbət istiqamətdə getdiyini görürük, lakin əlavə işlərin görülməsini də istərdik. Layihə ilə bağlı imkanları öyrənmək niyyətimizi açıqlamışıq. Bu, ABŞ-ın siyasi təsir layihəsi deyil, bu, region xalqlarının iqtisadi inkişafı və siyasi imkanları üçün bir layihədir”, - o deyib.

Xəbər Lenti