- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 28.06.2024 20:13
Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində tarixi fürsət yaranıb
APA xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.
O bildirib ki, iki ölkə arasında tərəfdaşlıq diqqətəlayiq tarixə malikdir.
"Azərbaycan müstəqilliyini yenə qazandıqdan bəri Birləşmiş Ştatlar təhsil və iqtisadi inkişafı gücləndirmək, münaqişədən əziyyət çəkən məcburi köçkünlərə kömək etmək və ölkəni öldürücü minalardan azad etmək üçün 1 milyard dollardan çox vəsait təmin edib. Biz gələcəkyönümlü tərəfdaşlıqlar da axtarırıq. Biz Azərbaycan və region üçün sülh, tərəqqi və təhlükəsizliyi təmin edən daha dərin gələcək tərəfdaşlıq arzu edirik. Bu ay azərbaycanlı tərəfdaşlarımız mənə məlumat verdilər ki, bir neçə həftə əvvəl Rusiya qoşunlarının Azərbaycan ərazilərini tərk etməsindən sonra Sovet İttifaqı dağıldıqdan bəri ilk dəfə ölkə ərazisində xarici dövlətlərin qoşunları yoxdur. Eyni zamanda, Azərbaycan və Ermənistan sərhəd demarkasiyasına başlayıb, saxlanılan şəxslərin mübadiləsinə dair danışıqlar aparıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bildiriblər. Birləşmiş Ştatlar da inanır ki, bu diqqətəlayiq addımlar tarixi fürsət pəncərəsi açıb",
Mark Libbinin sözlərinə görə, ABŞ hesab edir ki, Ermənistanla indi imzalanacaq sülh razılaşması misilsiz sabitlik yaradacaq, Azərbaycanın və regionun faydalanacağı ticarət və praktik əməkdaşlığa qapı açacaq. Səfir onu da vurğulayıb ki, Birləşmiş Ştatlar tərəfləri bu imkandan faydalanmaq üçün həvəsləndirməyə davam edəcək və kömək etmək üçün bacardığı hər şeyi edəcək.
"Biz bu il güclü, strateji mühüm enerji əlaqələrimizin transformasiyasının da şahidi oluruq. ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliyində Amerika Bakı-Tbilisi- Ceyhan və Cənub Qaz Dəhlizinin konsepsiyası, inşası və əməliyyatına vacib dəstək göstərib. Bu layihələr bizim ən valehedici, ortaq nailiyyətlərimiz arasındadır. ABŞ- Azərbaycan tərəfdaşlığı olmadan bu enerji infrastrukturu mövcud olmazdı, Avropanın enerji təhlükəsizliyi daha az olardı və Azərbaycan daha az inkişaf edərdi. Bu il Azərbaycanın COP29 sədrliyi tərəfdaşlığımızda növbəti mərhələdir. Artıq götürülən öhdəliklərin icrasını sürətləndirən, eləcə də maliyyələşmə, tullantıların azaldılması və planetimizi gələcək nəsillər üçün qorumaq, gələcək ambisiyaları yüksəldən uğurlu COP29 - ortaq məqsədimizi dəstəkləmək üçün Azərbaycanla işləməkdən sevincliyik."