Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 11:29
Türk dövlətləri arasında maliyyə infrastrukturlarının qarşılıqlı uyğunluğunun təmin edilməsi və ortaq standartların hazırlanması regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının Ödəniş Sistemləri və Maliyyə Texnologiyaları üzrə icraçı direktoru Ahmet Buğday Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, ölkələr arasında əlaqələrin qurulması, ortaq standartların inkişaf etdirilməsi və maliyyə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi yeni imkanlar yaradır.
“Fərqli ölkələrin eyni texnologiyadan və ya eyni ödəniş sistemindən istifadə etməsi vacib deyil. Əsas məsələ müxtəlif infrastrukturların təhlükəsiz və səmərəli şəkildə birlikdə işləyə bilməsidir”, – deyə A. Buğday bildirib.
O qeyd edib ki, tokenləşdirmə və mərkəzi bankların rəqəmsal valyutaları sahəsində aparılan işlər sərhədlərarası maliyyə əməliyyatları üçün yeni imkanlar yarada bilər.
Türkiyə Mərkəzi Bankının rəsmisi bildirib ki, hazırda qurum tərəfindən açıq bankçılıq, rəqəmsal türk lirəsi, tokenləşdirmə, eləcə də süni intellektin daxili proseslərdə və ödəniş sistemlərində tətbiqi istiqamətində işlər aparılır.
“Bizim əsas vəzifələrimizdən biri kritik ödəniş infrastrukturlarının inkişaf etdirilməsi və etibarlı fəaliyyətinin təmin olunması, həmçinin bu infrastrukturlar üzərində innovativ xidmətlərin təqdim edilməsi üçün əlverişli mühitin yaradılmasıdır”, – deyə o vurğulayıb.
A. Buğdayın sözlərinə görə, banklar, ödəniş və elektron pul təşkilatları, eləcə də fintex şirkətləri mövcud infrastrukturlar əsasında yeni məhsul və xidmətlər yaradaraq rəqabətin və innovasiyaların inkişafına töhfə verirlər.
O əlavə edib ki, Türk dövlətləri arasında maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi şirkətlərin yeni bazarlara çıxışına, qarşılıqlı tərəfdaşlıqların qurulmasına və birgə innovativ həllərin hazırlanmasına şərait yarada bilər.
“Burada keçirilən görüşlərin yeni ticarət əlaqələri ilə yanaşı, ortaq layihələrə, investisiyalara və uzunmüddətli əməkdaşlığa zəmin yaratmasını arzulayıram”, – deyə Türkiyə Mərkəzi Bankının rəsmisi bildirib.
Ahmet Buğday maliyyə inteqrasiyası Mərkəzi BankMənbə: apa.az