Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 11:18
Türk dövlətləri arasında ortaq tənzimləmə yanaşmalarının inkişaf etdirilməsi və birgə ödəniş sistemlərinin formalaşdırılması perspektivləri müzakirə olunur.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin (TÖDEB) İdarə Heyətinin üzvü Tarık Tombul Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, əsas məqsəd Türk dövlətlərinin maliyyə texnologiyaları sektorlarının nümayəndələrini bir araya gətirməklə kifayətlənməyərək şirkətlər arasında birbaşa əlaqələr və konkret layihələr formalaşdırmaqdır.
“Ölkələrimiz arasında ortaq tənzimləmə yanaşmalarının inkişaf etdiyi, birgə ödəniş sistemlərinin müzakirə oluna bildiyi və sərhədlərarası ödənişlərin daha asan həyata keçirildiyi bir Türk dünyası görmək istəyirik”, – deyə Tarık Tombul bildirib.
O qeyd edib ki, ticarət əlaqələrinin genişlənməsi ilə ödəniş sistemlərinin inkişafı bir-birini tamamlayan proseslərdir.
“Ödəniş infrastrukturları gücləndikcə ölkələrin yeni bazarlara çıxışı və sərhədlərarası ticarət əməliyyatları asanlaşır. Buna görə də ödəniş sahəsində əməkdaşlığı Türk dünyasının iqtisadi əlaqələrinin möhkəmləndirilməsində mühüm amil hesab edirik”, – deyə o vurğulayıb.
Tarık Tombul əlavə edib ki, Türk Dövlətləri Fintex Alyansının (TURKFIN) yaradılmasından ötən müddətdə əsas diqqət ölkələrin maliyyə texnologiyaları ekosistemlərinin öyrənilməsinə yönəldilib. Növbəti mərhələdə isə bu əlaqələrin konkret biznes layihələrinə çevrilməsi hədəflənir.
Türk dövlətləri ortaq ödəniş sistemi Tarık TombulMənbə: apa.az