Deputat: QH Gənclər Təşkilatının Şuşada təsis olunması, katibliyinin Bakıda yerləşməsi önəmli məsələdir

Deputat: QH Gənclər Təşkilatının Şuşada təsis olunması, katibliyinin Bakıda yerləşməsi önəmli məsələdir

Tarix: 13 Oct 2026 12:35

Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Şuşada təsis olunması, katibliyinin Bakıda yerləşməsi önəmli məsələdir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, müasir dünyada dövlətlərin gücü yalnız iqtisadiyyatı, ordusu və təbii sərvətləri ilə ölçülmür: “Bu gün beynəlxalq siyasətdə mühüm amillərdən biri də gələcəyin siyasi düşüncəsinə təsir etmək, gənc liderlər arasında əlaqələr qurmaq və diplomatik təşəbbüsləri davamlı institutlara çevirmək bacarığıdır. Bu baxımdan, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması və onun katibliyinin Bakıda yerləşməsi məsələsinə yalnız gənclər siyasətinin tərkib hissəsi kimi baxmaq doğru olmaz. Burada daha geniş siyasi və diplomatik məzmun var.

Qoşulmama Hərəkatı tarixən hərbi-siyasi bloklardan kənarda qalmaq, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və müstəqil siyasət yürütmək hüququnu müdafiə etmək prinsipləri əsasında formalaşıb. Azərbaycan isə bu platformada sədrliyi dövründə gənclərin beynəlxalq əməkdaşlığını ayrıca istiqamət kimi gündəmə gətirib.

Bu təşəbbüsün daha bir mühüm tərəfi onun məhz Şuşada təsis edilməsidir. 2022-ci il iyulun 29-da qəbul edilən Şuşa razılaşması ilə Gənclər Təşkilatı yaradılıb, daimi katibliyinin Bakıda yerləşməsi qərara alınıb. Beləliklə, Şuşa təkcə Azərbaycanın bərpa olunan şəhəri deyil, həm də beynəlxalq gənclər əməkdaşlığı ilə bağlı mühüm qərarın qəbul edildiyi məkan kimi tarixə düşüb.

Milli Məclisin müvafiq strukturları ilə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı arasında gənc parlamentarilərin iştirakı ilə müntəzəm dialoq mexanizminin formalaşdırılması faydalı olardı. Bu, həm parlament diplomatiyasına, həm də gənclərin beynəlxalq siyasi proseslərdə iştirakına yeni imkanlar aça bilər.

Azərbaycanın məqsədi yalnız beynəlxalq tədbirlərə ev sahibliyi etmək deyil, həm də həmin tədbirlərdən sonra fəaliyyətini davam etdirən, işləyən və nəticə verən institutların formalaşmasına töhfə verməkdir. Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və onun Bakı katibliyi bu yanaşmanın konkret nümunəsidir”.

İlkin Naib Vüqar İskəndərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Şuşa katiblik

Mənbə: apa.az

Xəbər Lenti