- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 04.07.2024 17:00
Energetika Nazirliyi, Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Proqramı (AZTAF) çərçivəsində Enerji Effektivliyi Fondunun əməliyyat strukturu, fəaliyyəti, həmçinin özəl və ictimai binalar üçün nəzərdə tutulan Milli Renovasiya Proqramının Yol Xəritəsinin əsas nəticələrini müzakirə etmək üçün bir araya gəliblər.
"APA-Economics" xəbər verir ki bu texniki yardım layihəsi Enerji Effektivliyi (EE) Fondunun fəaliyyətə başlamasını, EE üzrə siyasətlərin gücləndirilməsini və bu sahədə investisiya imkanlarının müəyyən edilməsini əhatə edir. Bundan başqa, AZTAF proqramı hökumətə enerjiyə qənaət göstəricilərini yaxşılaşdırmaq məqsədilə özəl və ictimai binaların yeniləşdirilməsini əhatə edən hərtərəfli tədbirlər toplusunun hazırlanmasında da dəstək göstərir.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı, Dünya Bankının əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı və AZTAF proqramı üzrə “Enerji Səmərəliliyi və İqlim” Texniki Yardım komponentinin rəhbəri Yasemin Orucu bu üç qurum arasında əməkdaşlığın Azərbaycanda EE Fondunun tam fəaliyyət göstərməsində, bununla bağlı siyasət və investisiya qərarlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıblar.
AZTAF-ın “Enerji Səmərəliliyi və İqlim” Texniki Yardım proqramı çərçivəsində planlaşdırılan bir sıra seminarların yekunu olan bu tədbir layihənin ilkin nəticələrini təqdim etmək və müxtəlif maraqlı tərəflərdən rəy toplamaq məqsədi ilə təşkil edilib. Tədbirdə qeyd olunub ki, binalar əsas enerji istehlakçısıdır və onların renovasiyası enerji effektivliyinin artırılmasının ən səmərəli yollarından biridir. AZTAF proqramı çərçivəsində hazırlanmış yol xəritəsinin layihəsində ən son texnologiya və qabaqcıl təcrübələri özündə birləşdirməklə həm özəl, həm də ictimai binaların yeniləşdirilməsi üzrə ümumi plan da öz əksini tapıb.
Bina sektorunda enerji səmərəliliyinin təkcə Azərbaycanın 2030-cu ilədək milli prioritetlərində qeyd edilən məqsədlərə çatmaq üçün deyil, həm də şəhər mühitinin və həyat şəraitinin yaxşılaşdırılmasında rolunu nəzərə alaraq, Dünya Bankı Milli Renovasiya Proqramı üçün Yol Xəritəsinin hazırlanması çərçivəsində “İctimai binalarda EE potensialı” adlı bazar araşdırması həyata keçirir.
AZTAF Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan ümumi büdcəsi 5,25 milyon avro olan üçillik proqramdır. Proqramın məqsədi Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022–2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq hökumətə məsləhət və analitik dəstək göstərməkdir.