Makron Fransada “qanuni əsası olmayan” nümayişlərin qadağan ediləcəyini açıqlayıb

Makron Fransada “qanuni əsası olmayan” nümayişlərin qadağan ediləcəyini açıqlayıb

Tarix: 22 Oct 2026 16:49

Fransa Prezidenti Emmanuel Makron qarşıdakı günlərdə qanuni əsası olmayan nümayiş və toplantıların qadağan ediləcəyini bildirib.

"Reuters" xəbər verir ki, Makron bu barədə oktyabrın 22-də Yelisey sarayında kəşfiyyat xidmətlərinin iştirakı ilə keçirilən iclasdan sonra açıqlama verib.

Onun sözlərinə görə, qanuni əsasları olmayan şəxslər tərəfindən təşkil edilən nümayişlərə prefektlər tərəfindən qadağa qoyulacaq.

Fransa Prezidenti bildirib ki, həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyalara isə alternativ marşrutlar təklif ediləcək. Məqsəd şəhər mərkəzlərində, xüsusilə mağazaların və ictimai binaların təhlükəsizliyini təmin etməkdir.

Makron ötən şənbə günü baş verən hadisələrə toxunaraq, radikal sol qrupları Respublikanı devirməyə cəhd göstərməkdə ittiham edib və onların zorakılıq və əvvəlcədən planlaşdırılmış aksiyalar həyata keçirdiyini bildirib. O, digər cinayət əməllərinə qarşı da sərt tədbirlərin görüləcəyini deyib.

Prezident həmçinin bildirib ki, Baş nazir və hökumət bazar ertəsi tələbə və şagirdlər, müəllimlər, həmkarlar ittifaqları, işəgötürən birlikləri, yerli özünüidarəetmə orqanları və parlament nümayəndələri ilə görüş keçirəcək. Görüşdə xüsusilə gənclərin qanuni tələblərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Fransada oktyabrın 17-də keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı zorakılıq, talan və dağıntılar baş verib. Qarşıdakı şənbə günü, oktyabrın 24-də yeni aksiyaların keçirilməsi planlaşdırılır.

İlqar Xudiyev Makron ixtişaşlar etraz aksiyaları Fransa

Mənbə: apa.az

Xəbər Lenti