Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 15:50
Oktyabrın 23-də Ucar rayonunda kənd təsərrüfatının inkişafına, yerli istehsalın təşviqinə və aqrar biznes imkanlarının genişləndirilməsinə həsr olunan “Aqrar Biznes” və “I Çəltik” festivalı təşkil edilib.
"APA-Economics" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Parkı”nda keçirilən festivalın əsas məqsədi bölgənin aqrar potensialının nümayiş etdirilməsi, yerli fermerlərin dəstəklənməsi, çəltikçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarının tanıdılması olub.
Tədbir iştirakçıları-kənd təsərrüfatı naziri Məcnun Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahənin dayanıqlı inkişafı, istehsal potensialının gücləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması priroritet istiqamətlər olaraq müəyyən edilib. Proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin inkişafı, taxılçılıqda məhsuldarlığın və istehsal həcminin artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal xərclərinin optimallaşdırılması və fermer gəlirlərinin yüksəldilməsi əsas hədəflərdəndir.
Nazir Məcnun Məmmədov əlavə edib ki, çəltikçilikdə məhsuldarlığın və məhsul keyfiyyətinin yüksəldilməsi, müasir becərmə texnologiyalarının tətbiqi, eləcə də məhsulun saxlanması və emalı infrastrukturunun inkişafı da əsas prioritetlərdəndir. Bu gün Ucarda keçirilən “Aqrar Biznes və 1-ci Çəltik” Festivalı regionun aqrar potensialının nümayişi, fermerlər, sahibkarlar və investorlar arasında əlaqələrin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platformadır. Festival eyni zamanda çəltikçiliyin inkişafı, mövcud imkanların genişləndirilməsi və istehsalçılar arasında əməkdaşlığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. İstehsalçılarla emal müəssisələri, təchizatçılar və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi isə məhsulun dəyər zənciri üzrə səmərəli hərəkətinə və fermerlərin gəlirlərinin artmasına əlavə imkan yaradacaq. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov rayonun kənd təsərrüfatı potensialı, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətinə toxunub. Rayonun aqrar ənənələrinin qorunması və müasir yanaşmalarla inkişaf etdirilməsinin vacib olduğunu deyən Mənsur Məmmədov belə tədbirlərin fermerlərin dövlət qurumları və aqrar sahənin digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivalı ilə bağlı təqdimat edib.
Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər. Festivalda yerli düyü sortları, fermerlərin istehsal etdikləri məhsullar təqdim olunub, kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən sərgi və nümayişlər təşkil olunub. İştirakçılar yerli istehsal nümunələri ilə tanış olmaq, bölgədə kənd təsərrüfatının inkişaf imkanlarını yaxından görmək və aqrar sahədə fəaliyyət göstərən istehsalçıların məhsullarını nəzərdən keçirmək imkanı əldə ediblər.
Ucar rayonunda keçirilən “Aqrar Biznes” və “I Çəltik” festivalı bölgənin kənd təsərrüfatı potensialının üzə çıxarılması, aqrar istehsalın təşviqi və fermerlərin fəaliyyətinə diqqətin artırılması, istehsalçılar arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib. Festivallar yerli məhsulların tanıdılması, kənd təsərrüfatında sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və aqrar sektorun inkişaf perspektivlərinin nümayiş etdirilməsinə xidmət edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində aqroturizm potensialının artırılması, yerli fermerlərin dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının tanıdılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif məhsul festivalları təşkil olunur.
Cari il ərzində “Ərik”, “Moruq”, “Aqroturizm”, “I İntensiv Meyvə Bağları” və “Çəltik” festivalları keçirilib. İlin sonunadək isə Neftçala rayonunda “Balıq”, Biləsuvar rayonunda “Hind quşu” və Ağdaş rayonunda “Heyva” festivallarının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi APA İnformasiya Agentliyidir.
Zahid Abışov Ucar Aqrar Biznes çəltik festival



Mənbə: apa.az