AMB BOKT-lara yeni maliyyə xidmətləri göstərmək imkanı verməyi planlaşdırır

AMB BOKT-lara yeni maliyyə xidmətləri göstərmək imkanı verməyi planlaşdırır

Tarix: 28 Oct 2026 11:42

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir.

“APA-Economics” xəbər verir ki, bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatlarına Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov XII Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, mikromaliyyə modelinin inkişafı çərçivəsində BOKT-ların yeni xidmətlər göstərməsi imkanları qiymətləndirilir.

X. İsmayılov qeyd edib ki, bu istiqamətdə hesab açılmadan müəyyən ödəniş xidmətlərinin göstərilməsi, pul köçürmələri və inkassasiya xidmətlərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilir.

O bildirib ki, nəzərdə tutulan dəyişikliklər BOKT-ların fəaliyyət istiqamətlərinin genişlənməsinə və yeni gəlir mənbələri əldə etməsinə şərait yarada bilər. Yeni xidmətlərin tətbiqi üçün institusional hazırlıq işlərinin mərhələli şəkildə aparılması nəzərdə tutulur.

Departament direktoru onu da əlavə edib ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə lizinqi üzrə mövcud göstəriciləri sektorun potensialından aşağıdır.

Onun sözlərinə görə, hazırda BOKT-ların maliyyə lizinqi portfeli təxminən 50 milyon manat təşkil edir.

“Bu sektorda maliyyə lizinqi ilə bağlı rəqəmlər bizim gözlədiyimiz potensialdan aşağıdır. Maliyyə lizinqi haqqında qanunun tətbiqi bu sahənin inkişafına və lizinq portfelinin genişlənməsinə imkan yarada bilər. Yeni qanun maliyyə lizinqi fəaliyyəti ilə məşğul olan təşkilatların fəaliyyətini və bu sahədə münasibətləri tənzimləyəcək. BOKT-ların lizinq məhsullarına marağı artır və yeni qanunvericilik çərçivəsi bu istiqamətdə fəaliyyətin genişlənməsinə şərait yarada bilər".

O, həmçinin qonşu ölkələrdə maliyyə lizinqi bazarının daha geniş olduğunu vurğulayaraq, Azərbaycanda da bu sahədə əhəmiyyətli inkişaf potensialının mövcudluğunu qeyd edib.

Rahim Tarıverdiyev AMB BOKT maliyyə

Mənbə: apa.az

Xəbər Lenti