İƏT-in Baş katibi üzv dövlətləri Məkkə Konvensiyasının ratifikasiyasını sürətləndirməyə çağırıb

İƏT-in Baş katibi üzv dövlətləri Məkkə Konvensiyasının ratifikasiyasını sürətləndirməyə çağırıb

Tarix: 28 Oct 2026 11:11

Məkkə Konvensiyasının ratifikasiyası sürətləndirilməlidir.

APA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə deyib.

O bildirib ki, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında Məkkə əl-Mükərrəmə Konvensiyasının 2021-ci ilin dekabrında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş ilk Nazirlər Görüşündə təsdiqlənməsi mühüm kollektiv addım olub. Bu addım sənədin İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən yekun olaraq qəbul edilməsinə zəmin yaradıb.

O, Məkkə əl-Mükərrəmə Konvensiyasının qüvvəyə minməsi üçün ən azı 19 üzv dövlətin ratifikasiyasının tələb olunduğunu qeyd edib. Artıq yeddi ratifikasiyanın əldə edildiyini bildirən Baş katib Konvensiyanı hələ imzalamamış və ya ratifikasiya etməmiş dövlətləri bu prosesi mümkün qədər tez başa çatdırmağa çağırıb.

Baş katib, həmçinin Birləşmiş Millətlər Təşkilatı və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonda İƏT-in Baş katibi üçüncü Nazirlər Görüşünə ev sahibliyi etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Azərbaycan Respublikasına təşəkkürünü bildirib. O, görüşdə qəbul ediləcək qərarların korrupsiyanın qarşısının alınması və onunla mübarizə üzrə birgə imkanları gücləndirəcəyinə, eləcə də Məkkə əl-Mükərrəmə Konvensiyasının praktiki icrasına təkan verəcəyinə əminliyini ifadə edib.

Toğrul Quluzadə İƏT Baş katib

Mənbə: apa.az

Xəbər Lenti