Cümə, 30 Oktyabr, 2026
Tarix: 30 Oct 2026 13:35
Hüquqi şəxslər məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə görə cinayət məsuliyyətinə cəlb olunacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Həmin əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq ediləcək.
Qeyd edilib ki, layihədə hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilərək Cinayət Məcəlləsinin "Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə" adlı 306-cı maddəsində nəzərdə tutulmuş əmələ görə də cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilir. Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər Cinayət Məcəlləsində nisbətən yeni institut olduğundan zaman-zaman həmin münasibətləri tənzimləyən normalara müəyyən dəyişikliklər edilməsi zəruri olur. Hüquqi şəxslərin hüquq münasibətlərinin iştirakçıları kimi aktivliklərinin artması, çoxsaylı məhkəmə aktları ilə hüquqi şəxslərin üzərinə öhdəliklərin qoyulması və məhkəmə aktlarının icrasının önəmi bu dəyişiklikləri zəruri edir.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 306-cə maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Firuzə Vahid Hüquqi şəxslər məhkəmə hökm cinayət məsuliyyət
Mənbə: apa.az