Cümə, 30 Oktyabr, 2026
Tarix: 30 Oct 2026 16:10
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən tədbir keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Biləsuvar rayonunda təşkil olunmuş tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də Biləsuvar Rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, təsdiq olunmuş tədbirlər planının icrası ilə əlaqədar qarşıda duran aidiyyəti məsələlərdən danışıb, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı davranış qaydaları diqqətə çatdırılıb.
Emin Şirvanzadə FHN Muğan Regional Mərkəzi tədbir “Şəhərsalma və Memarlıq İli”

Mənbə: apa.az