"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Tarix: 30 Oct 2026 16:07

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib.

"APA-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

Qeyd olunubki, 2025-ci ilin sonuna Azərbaycan banklarının likvid aktivlərinin ümumi bank aktivlərində payı 37,4% təşkil edib.

Bu göstərici Qazaxıstanda 37,5%, Ermənistanda 35,3%, Özbəkistanda 32,1%, Gürcüstanda isə 25,7% olub.

Beləliklə, Azərbaycan likvid bank aktivlərinin payına görə müqayisə edilən beş ölkə arasında ikinci yerdə qərarlaşıb.

"Moody’s"in məlumatına görə, Azərbaycanda bankların maddi əsas kapitalının risklə ölçülmüş aktivlərə nisbəti 19,2% təşkil edib.

Müvafiq göstərici Qazaxıstanda 20,4%, Ermənistanda 17,9%, Gürcüstanda 17,1%, Özbəkistanda isə 13,9% səviyyəsində olub.

Azərbaycan bu göstərici üzrə də regionun müqayisə edilən ölkələri arasında ikinci yerdədir.

Agentlik Mərkəzi Asiya və Qafqaz ölkələrinin bank sektorlarının potensial itkiləri qarşılamaq üçün güclü ehtiyatlara malik olduğunu vurğulayıb.

"Moody’s"in qiymətləndirməsinə əsasən, bankların mövcud kapital və likvidlik ehtiyatları kreditləşmənin genişləndirilməsi üçün kifayətdir.

Bununla yanaşı, hesabatda region banklarının maliyyələşmə mənbələrinin əsasən qısamüddətli və nisbətən bahalı olduğu qeyd edilib. Azərbaycanda 2025-ci ilin sonuna qısamüddətli vəsaitlərin ümumi maliyyələşmədə payı 95% təşkil edib.

Rahim Tarıverdiyev Moody's Ratings kapital likvidlik

Mənbə: apa.az

Xəbər Lenti