- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 12.07.2024 13:13
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 31 ildən sonra meyitinin qalıqları tapılan Səfiyyə Rəhimova və Müsaddin Rəhimovla Saatlı rayonunda dəfn edilib
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ana və oğlu bu gün doğulduğu evə gətirilərək ailəsinə təhvil verilib.
Vida mərasimində şəhidlərin doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra Səfiyyə Rəhimova və oğlu Müsaddin Rəhimovun meyitinin qalıqları Orta Muğan kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Rəhimova Səfiyyə Müləzim qızı 1936-cı ildə, oğlu Rəhimov Müsaddin Sədri oğlu isə 1963-cü ildə Saatlı rayonunun Qarayevkənd kəndində (indiki Orta Muğan) anadan olublar.
1993-cü il oktyabrın 22-də S.Rəhimova övladı M.Rəhimov, əri Sədri və daha bir oğlu ilə birlikdə Zəngilan istiqamətində döyüşlərdə olan hərbçi oğlu Fəhlulun yanına gedib ertəsi gün geri qayıdarkən oğlu Müsaddinlə birlikdə Füzulinin Horadiz qəsəbəsi istiqamətində itkin düşüblər.
Onların nəşinin Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub. Sədri Rəhimov və daha iki oğlundan 31 ildir ki, xəbər yoxdur.