Şəhid Muğan Əliyevin Edillidə aşkarlanan qalıqları Füzulidə torpağa tapşırılıb - FOTO

Tarix: 12.07.2024 16:03

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlərdə itkin düşən Muğan Gəray oğlu Əliyevlə vida mərasimi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin nəşinin qalıqları Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli şəhərində torpağa tapşırılıb.

Şəhid Muğan Əliyevin nəşi İkinci Mahmudlu kənd məscidinə gətirilərək vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, rayon rəhbərliyi, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Məsciddə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşinin qalıqları işğaldan azad olunan Füzuli şəhərində qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Muğan Gəray oğlu Əliyev 1958-ci ildə Füzuli rayonu Çimən kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi başlayanda döyüşlərə qoşulub. 1992-ci il aprelin 12-də Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Daha sonra ailə üzvləri ondan xəbər ala bilməyib.

Xəbər Lenti