- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 16.07.2024 17:56
Neft sənayesi Azərbaycan tarixində mühüm yerə sahibdir. Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında yeni neft strategiyası işlənib hazırlandı. 1994-cü ildə Azərbaycan dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzaladı. Bu, ölkəni ağır vəziyyətdən çıxarmağın yeganə yolu idi. Neft və qazın satışından əldə olunan gəlirlərin Azərbaycanın iqtisadi inkişafına yönləndirilməsi üçün ulu öndər Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yaradıldı.
Yarandığı gündən ARDNF-nin əsas məqsədi makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diverfikasiyası, qeyri-neft sektorunun və “insan kapitalının” inkişafı, yoxsulluğun azaldılması, infrastruktur sahələrinin geniş miqyaslı inkişafı üzrə tədbirlərin həyata keçirilməsidir.
Stateji valyuta ehtiyyatlarının formalaşması
Makroiqtisadi sabitliyin əhəmiyyətli tərkib hissələrindən biri də ölkənin stateji valyuta ehtiyyatlarıdır. Azərbaycanın strateji valyuta ehtiyyatları Mərkəzi Bankın və ARDNF-nin strateji valyuta ehtiyyatlarının cəmindən ibarətdir. Qeyd edək ki, bu valyuta ehtiyyatları ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunmasını, eyni zamanda iqtisadi şoklar zamanı “təhlükəsizlik yastığı” funksiyasını yerinə yetirir.
Yarandığı gündən 2024-cü ilin yanvar ayının 1-nə kimi ARDNF neft-qaz sazişlərindən 185.2 milyard ABŞ dolları, investisiya fəaliyyətindən isə 11.5 milyard ABŞ dolları gəlir əldə edib.
2023-cü ilin sonuna ARDNF-də ümumilikdə 56,1 milyard ABŞ dolları həcmində ehtiyat vəsait toplanıb ki, bu da ölkənin strateji valyuta ehtiyatlarının 82%-ni, Ümumi Daxili Məhsulun isə 78%-ni təşkil edib. Aşağıdakı cədvəldə 2009-2023-cü illər ərzində ölkənin strateji valyuta ehtiyyatlarının dəyişməsi qrafiki verilib.
Xatırladaq ki, cari ilin aprel ayının 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 27,2 milyon ABŞ dollarına yüksəlib ki, bunun 83,1%-i və yaxud 57 milyard 372,8 milyon ABŞ dolları DNF-nin, 16,9%-i və ya 11 milyard 654,4 milyon ABŞ dolları isə Mərkəzi Bankın payına düşüb.
Dövlət Büdcəsinə Transfertlər
ARDNF-nin əsas missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin uzunmüddətli dövrdə Azərbaycan xalqının rifahının yüksəldilməsinə xidmət etməsidir. Büdcə xərcləri və dövlət büdcəsinə transfertlər hesabına maliyyələşdirilən layihələr makroiqtisadi və maliyyə sabitliyinə nail olmaq, neft-qaz gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsi və qeyri-neft sektorunun davamlı inkişafına nail olmaqdır. Uzunmüddətli dövrdə ARDNF dövlət büdcəsinin xərclərinin maliyyələşməsində əsas rol oynayıb. Belə ki, yarandığı gündən 2023-cü ilin sonuna qədər Fondan dövlət büdcəsinə 146 milyard manatdan çox vəsait yönəldilib. Aşağıdakı qrafikdə 2003-2023-cü illərdə Fonddan büdcəyə transfertlər verilib.
Manatın məzənnəsinin qorunub saxlanması
Müxtəlif yanaşmalar mövcüd olsa da hazırki vəziyyətdə Azərbaycan üçün makroiqtisadi sabitliyin təmin edilməsinin mühüm komponentlərindən biri də sabit məzənnə rejimidir. Sabit məzənnə dedikdə manatın dollar qarşısında məzənnəsinin sabit qalması başa düşülür. Eyni zamanda, sabit məzənnə rejimi idxal məhsullarının qiymətini bahalaşmadan qoruyur. Belə ki, bu gün Azərbaycana idxal edilən məhsullarda hesablaşma əsasən, dollarla aparılır. Manatın dollar qarşısında məzənnəsi yüksələrsə, manat ifadəsində demək olar ki, bütün idxal məhsullarının qiyməti qalxacaq.
Ölkədə dollara tələb Mərkəzi Bank və ARDNF tərəfindən təşkil edilən valyuta hərracları vasitəsi ilə təmin edilir. İndiki durumda ölkə iqtisadiyyatı üçün vacib olan manatın dollar qarşısında məzənnəsinin sabit qalmasının əsas səbəblərindən biri də Dövlət Neft Fondunun fəaliyyətidir. Yəni, xam neftin və qazın satışından gəlirlər Fonda ABŞ dolları ilə daxil olur. Fond da öz növbəsində dövlət büdcəsinə transfertləri və digər xərcləri qarşılamaq üçün həmin vəsaiti valyuta hərraclarında manata konvertasiya edir. 2021-2023-cü illərdə ARDNF valyuta hərraclarında 14.5 milyard ABŞ dolları satıb.
Qeyri neft-qaz sektorunun inkişafı
Ölkənin əsas strateji hədəfləri sırasında iqtisadiyyatın diverfikasiyası, qeyri neft-qaz sektorunun inkişaf etdirilməsi, qeyri neft ixracının artırılması dayanır. Son dövrlərdə bu istiqamətdə ciddi addımlar atılır. Ötən il qeyri neft-qaz sektoruna yönəldilən investisiyalar əvvəlki illə müqayisədə 9.3% artaraq 14 milyard manatı ötüb. Eyni zamanda, 2023-cü ildə qeyri neft-qaz sektorunda ÜDM 2022-ci illə müqayisədə 3.7% artaraq 77.7 milyard manata yüksəlib. Qeyri neft sektorunun inkişafı bu qəbildən olan məhsulların ixracında özünü bariz şəkildə göstərib. Belə ki, 2023-cü ildə qeyri-neft ixracı əvvəlki illə müqayisədə 10% artaraq 3.3 milyard ABŞ dollarını keçib. Bu sektorun inkişafı vergi daxilolmalarında da özünü göstərib. Yəni ötən il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları əvvəlki illə müqayisədə 19,3% artıb və 9 mlrd. 707,8 mln. manat təşkil edib.
Azərbaycan üçün əhəmiyyətli layihələrin maliyyələşdirilməsi
Dövlət Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” təsdiq olunub. Həmin strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, infrastruktur sahələrinin geniş miqyaslı inkişafında üzrə tədbirlərin həyata keçirilməsində, və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulurdu.
Ötən dövr ərzində Fond tərəfindən ölkə üçün müstəsna əhəmiyyətli layihələrin maliyyələşdirilməsinə 11.8 milyard ABŞ dolları xərclənib. 11.8 milyard ABŞ dolları ümummilli məsələlərin həllinə və ölkənin sosial-iqtisadi tərəqqisi üçün vacib olan əhəmiyyətli infrastruktur obyektlərinin tikintisinə və ya yenidən qurulmasına sərf edilib. Bu layihələrin bir neçəsini sadalamaq istəyirəm.
Ölkənin əsas ixrac boru kəməri və neft strategiyasının əhəmiyyətli qələbəsi
Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. BTC boru kəməri hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistan və Qazaxıstandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunmağa davam edir. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu kəmər haqqında ulu öndər Heydər Əliyev söyləmişdi: "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir".
Məlumat üçün deyək ki, bu uğurlu layihəyə Fond tərəfindən 298 milyon manat vəsait xərclənib.
Azərbaycanı tranzit ölkəyə çevirən önəmli layihə-Bakı-Tibilisi-Qars
Çindən Avropaya və Yaxın Şərqə yükdaşımaların həyata keçirilməsində ən sərfəli və təhlükəsiz marşrut olan Orta Dəhliz böyük əhəmiyyət kəsp edir. Uzunluğu təxminən 850 kilometr olan BTQ Orta Dəhlizin önəmli hissəsidir və onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. 2007-ci il fevralın 7-də Tbilisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstanın Prezidenti və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş imzalandı. Bu hadisədən on il sonra 30 oktyabr 20217-ci ildə BTQ-nin Bakıda açılış mərasimi baş tutdu. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev qeyd edib ki, “Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər”.
ARDNF tərəfindən bu layihəyə ümumilikdə 745.9 mln. ABŞ dolları vəsait ayrılıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu
Azərbaycan təbii qazı dünya bazarına "Cənub Qaz Dəhlizi" (CQd) vasitəsilə nəql edilir. CQD məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarı zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin edir.
Azərbaycan təbii qazını Avropaya nəql edən TAP Kəməri 2020-ci il 15 noyabr tarixindən istismara verilib və 2021-2023-cü illərdə Avropaya 31.45 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə Azərbaycanın ümumi qaz ixracı isə 65 milyard kub metr təşkil edib ki, bu qazın 95%-i və ya 61.75 milyard kub metri CQD vasitəsi ilə ötürülüb.
2024-cü ilin martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və çıxışında bildirib ki, “Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir, dediyim kimi artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var və bizim resurslarımız var, bizim infrastrukturumuz var. Hesab edirəm ki, Avropa maliyyə institutlarından maliyyələşmə, ən azından bu layihənin maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir.”
Bu layihəyə Fond tərəfindən 1.5 milyard manat vəsait ayrılıb.
Sosial məsuliyyət tədbirləri çərçivəsində Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı layihələr uğurla həyata keçirilib.
Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb
Xaricdə təhsil üzrə Dövlət Proqramının ( 212.7 milyon manat) maliyyələşdirilməsi başa çatıb. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” (Dövlət proqramı) çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 1180 nəfəri bakalavr, 1430 nəfəri isə magistratura pilləsində təhsil alıblar. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1%), Türkiyə (22,1%), Almaniya (12,4%), Kanada (7,2%), Niderland (5,2%) və Rusiya (3,8%) universitetlərində təhsil alıblar.
2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı (65.5 milyon manat), çərçivəsində ümumilikdə 233 nəfər doktorantın təhsili ilə bağlı xərclər Fond tərəfindən maliyyələşdirilib.
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı isə davam edir.
Fondun uğurlu investisiya strategiyası
ARDNF-nin fəaliyyəti ölkədə maliyyə-vergi intizamının təmin edilməsi, tükənən təbii sərvətlərdən asılılığın azaldılması yolunda iqtisadiyyatın diversifikasiyası və qeyri neft sektorunun inkişafının təmin edilməsi, sosial-iqtisadi tərəqqiyə nail olmaqdır. Bu istiqamətdə Fond tərəfindən əldə edilən gəlirlər müxtəlif sahələrə investisiya edilir. ARDNF-nin investisiya strategiyasının əsasını maksimal gəlirliliyin əldə edilməsi təşkil edir. 2023-cü ilin dekabr ayında investisiya portfelinin 57,7%-i sabit gəlirli və pul bazarı qiymətli kağızları, 24,3%-i səhmlər (özəl səhm və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla), 12%-i qızıl və 6,%-i isə daşınmaz əmlakdan ibarət olub. 2024-cü ilin birinci rübü ərzində ARDNF-nin qızıl alt portfeli artaraq 31 mart 2024-cü il tarixinə 104,6 ton (3 362 974,8 troya unsiyası) təşkil edib. Uğurlu investisiya strategiyası sayəsində indiyə qədər Fond 11.5 milyard ABŞ dolları investisiya gəliri əldə edib. Eyni zamanda Fonddun aktivləri rekord səviyyəyə 57 372,8 mln. ABŞ dollarına yüksəlib.
Aşağıdakı qrafikdə 2009-2023-cü illərdə ARDNF-nin aktivlərinin dəyişməsi verilib.
Qeyd edək ki, yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibəti ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.