Cümə axşamı, 5 Noyabr, 2026
Tarix: 05 Nov 2026 13:03
Özəl reabilitasiya xidmətlərindən istifadə edən ailələrə dövlət dəstəyinin göstərilməsi təklif edilib.
APA xəbər verir ki, belə təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov çıxış edib.
Deputat bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin davamlı artımı, eləcə də icmal büdcədə sosial yönümlü xərclərin çoxalması dövlətin sosial siyasətinin bariz nümunəsidir. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizinin əhaliyə ödənişlərə yönəldilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artması büdcənin dayanıqlılığını və davamlılığını göstərir.
Soltan Məmmədov səhiyyə sahəsində ilkin tibbi xidmətlərin gücləndirilməsinin və profilaktik tədbirlərin genişləndirilməsinin vacibliyini də qeyd edib: “Son illər autizm, Daun sindromu, serebral iflic, eləcə də digər neyroinkişaf pozğunluqları və genetik problemləri olan uşaqların reabilitasiya xidmətlərinə ehtiyacı artır. Dövlət qurumları tərəfindən bu istiqamətdə xidmətlər göstərilsə də, özəl reabilitasiya mərkəzlərinin xidmətlərindən istifadə edən ailələrin dəstəklənməsinə ehtiyac var”.
O təklif edib ki, məqsədli sosial proqramlar çərçivəsində özəl və dövlət sektorunun əməkdaşlığı əsasında ayrıca büdcə ayrılsın və özəl reabilitasiya xidmətlərindən istifadə edən ailələrə maliyyə dəstəyi göstərilsin.
Deputatın fikrincə, bu addım reabilitasiyaya ehtiyacı olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verə bilər.
Firuzə Vahid Soltan Məmmədov Milli Məclisin deputatı özəl reabilitasiya dövlət dəstəyi
Mənbə: apa.az