Deputat: Qlobal ziddiyyətlər fonunda yalan məlumatlar yaxşı heç nə vəd etmir

Tarix: 21.07.2024 12:11

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bütövlükdə qlobal informasiya siyasəti müstəvisində mühüm hadisə hesab edilməlidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, artan qlobal ziddiyyətlər, habelə qütblər arasında dərinləşən ayırıcı xətlər fonunda dezinformasiya və yalan məlumatların geniş və dövlət siyasətləri çərçivəsində servis edilməsi ümumbəşəri dəyərlər və insanlıq adına yaxşı heç nə vəd etmir: “Ən azından 30 ildən artıq bir dövrdə Azərbaycan qeyd olunan problemin fəsadlarını yaşayan beynəlxalq subyektlərdən biridir. Sirr deyil ki, Azərbaycanın on illər ərzində üzləşdiyi beynəlxalq hüquq pozuntularının təməlində dayanan əsas amillərdən biri uzun dövr ərzində ölkəmizin reallıqların manipulyasiyası ilə üz-üzə qalması olub. Uzun illər ərzində Azərbaycan ərazilərinin 20 faizdən artığının işğal altında qalması, Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın dövlət siyasəti çərçivəsində ardıcıl və davamlı şəkildə ekosid və urbisidin törədilməsi, o cümlədən 1 milyondan artıq insanın öz yurd-yuvasından didərgin düşməsi fonunda yaradılan yanlış narrativlər qlobal miqyasda Azərbaycanın haqq səsinin boğulması ilə nəticələnirdi. Lakin möhtərəm Prezidentin çoxşaxəli və milli konsepsiyaya - Ulu Öndərin Azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu ölkəmizin iqtisadi və siyasi müstəqilliyini tam şəkildə bərqərar etməsi sonrakı dövrlərdə bu prosesdə ciddi dönüşə səbəb oldu. Xüsusən Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında əldə olunan böyük zəfərlərin ardınca qlobal miqyasda yeni güc mərkəzi kimi tanınan Azərbaycan artıq hesablaşılan beynəlxalq subyekt kimi önə çıxmağa başladı”.

Bəhruz Məhərrəmov qeyd edib ki, sirr deyil ki, Qarabağ və Şərqi Zəngəzurun işğalı dönəmində həmin ərazilərin məruz qaldığı erməni vandallığı barədə beynəlxalq ictimaiyyəti əyani şəkildə məlumatlandırmaq müşkül məsələ idi: “Lakin təəssüf doğuran haldır ki, Azərbaycanın öz əzəli və beynəlxalq hüquqla tanınan torpaqlarını işğaldan azad etməsindən sonra da özünü "beynəlxalq ictimaiyyət" elan edən ayrı-ayrı Qərb subyektləri hələ də ölkəmizin haqq səsini eşitməyə, o cümlədən reallıqlarla bağlı ədalətli fikir söyləməyə tələsmir. Eyni zamanda əvvəlki dövrlərdə Ermənistanın işğalında ehtiva olunan status-kvonun davamlılığını təmin etmək məqsədilə sülh və təhlükəsizlik barədə davamlı şəkildə tezislər irəli sürən Qərb indiki məqamda sülh və sabitlik qarşısında Fransa və digər beynəlxalq subyektlərin timsalında əngələ çevrilməkdədir. Görünən odur ki, əslində işğal və təcavüz, o cümlədən Azərbaycanın qarşılaşdığı digər beynəlxalq hüquqa və ədalətə zidd situasiya bölgədə qeyri-sağlam maraqlar güdən ayrı-ayrı qlobal subyektlərin istəkləri ilə üst-üstə düşürmüş. Əlbəttə, ötən dövr ərzində müşahidə olunan və bu gün də, təəssüf ki, davam edən informasiya manipulyasiyaları və yanlış narrativlər yalnız ayrı-ayrı qlobal subyektlərin maraqlarında ehtiva olunmur. Burada həmçinin dünyanın müxtəlif dövlətlərində erməni diasporunun səfərbər olması, erməni vəsaitləri hesabına siyasətə gələn və siyasətdə nüfuz qazanan ayrı-ayrı siyasətçilərin, konqresmenlərin və senatorların fəaliyyəti, habelə məqsədli niyyətlərə alət olan, o cümlədən erməni milyarderlər tərəfindən dəstəklənən media subyektləri və media nümayəndələrinin bu istiqamətdə fəaliyyəti də görməzdən gəlinməməlidir. Prezidentin 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında da dolayısı ilə ifadə etdiyi kimi, məhz bu amillər Azərbaycana qarşı hücumların edilməsində, yanlış narrativlərin formalaşmasında, Azərbaycanın reallıqdan çox uzaq bir şəkildə təqdim olunmasında mühüm rol oynayıb”.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev hələ ötən il iyun ayının 20-də Çinin "China Media Group" şirkətinə müsahibəsində bu reallıqları və Qərbin ikiüzlü davranışlarını geniş formada ifşa etmişdi: “Həqiqətən də, bu gün bir daha şahidlik edirik ki, beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə və ümumbəşəri dəyərlərə zidd formada yayılan natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar şəklində servis edilən bütün dezinformasiyalar faktiki olaraq Qərbdən qaynaqlanır və Qərbin digər "önəmli" beynəlxalq təsisatları da məhz bu qeyri-dəqiq və manipulyativ informasiyalara məmnuniyyətlə istinad edərək prosesləri, daha dəqiq desək, yanlış və məqsədli məlumatların daha geniş areala yayılmasına səbəb olurdu. Bundan başqa, ötən dövr ərzində çoxsaylı korrupsiyalaşmış siyasətçilərin məhz bu proseslərdə alətə çevrildiyinə, yaxud erməni diasporunun sifarişini korrupsiya maraqları qarşılığında yerində yetirdiyinə şahidlik etmişik. Məsələn, artıq barəsində çoxsaylı korrupsiya ittihamları təsdiq olunan ABŞ Senatının komitə sədri Menendez bir zamanlar nəinki Senat, bütövlükdə Amerika Birləşmiş Ştatlarının Konqresində xərçəng xəstəsini Azərbaycan dövlətinin "blokada siyasəti" nəticəsində ac-susuz qalaraq ölmüş erməni kimi təqdim etməkdən çəkinməmişdi. Amma bu gün görünən odur ki, Menendez və onun həyat yoldaşı əslində erməni milyarderlərin sifarişlərini yerinə yetirib və Amerika Birləşmiş Ştatlarının aidiyyəti orqanlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri bir çox reallıqları üzə çıxarır. Əlbəttə, biz zamanın Azərbaycanın lehinə işləməsi barədə tezisləri təsadüfən hallandırmırıq. Doğurdan da, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi kurs ölkəmizi qlobal miqyasda güc kimi təsdiqlədikcə, Azərbaycanla daha çox hesablaşıldıqca Qərb siyasi dairələri də reallıqlara daha açıq gözlə baxmağa məcbur olur. Əslində Azərbaycana münasibətdə xüsusi yanaşmaya ehtiyac yoxdur. Prezidentin Qlobal Forumda da ifadə etdiyi kimi, biz sadəcə istərdik ki, "Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın." Məhz bu, yalan məlumatların ifşası, habelə dezinformasiyaya qarşı mübarizə istiqamətində ən real töhfə ola bilər. Əgər bu gün, həqiqətən də, qlobal media obyektiv, vicdanlı, qərəzsiz və peşəkar davranmaqda istəklidirsə, Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar bu istiqamətdə mühüm yol xəritəsi kimi istifadə olunmalıdır”.

Xəbər Lenti