- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 21.07.2024 14:47
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının hazırlıqlı gənc hüquqşünaslarla şəffaf prosedurlar əsasında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi keçirilib.
APA-nın Naxçıvan bürosunun verdiyi xəbərə görə, müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin test imtahanı mərhələsi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində iyulun 21-də Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında fərdi qaydada, kompüter vasitəsilə keçirilib.
İmtahanı Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının (QHT-lərin) və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidəçi kimi izləyiblər. İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə namizədlərdən 13 nəfəri müvəffəqiyyət qazanıb növbəti mərhələyə keçib. Siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş gün ərzində, saat 9-dan 18-dək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kadrlar bölməsinə (Ünvan:Naxçıvan şəhəri, İslam Səfərli 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
***
saat 13.42
Bu gün Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı və hakim vəzifəsinə namizədlərlə imtahan (yazılı mərhələ) keçirilir.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı ilk dəfə kompüter vasitəsilə elektron qaydada Naxçıvan Dövlət Universiteti Konservatoriyasının binasında təşkil edilib.
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək. İmtahanda 15 nəfər iştirak edib. 55 və dаhа çох bаl tоplаmış 13 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
Bu gün keçirilən digər imtahan – hakim vəzifəsinə namizədlərlə yazılı imtahan mərhələsi də kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda keçirilir. İmtahanda 166 nəfər iştirak edir.
Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdirirlər. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.