- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 11.12.2023 17:40
Dekabrın 11-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləmələri keçirilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, dinləmələr Berlin Film Festivalının qalibi, tanınmış türkiyəli kinorejissor və ssenarist Semih Kaplanoğlu tərəfindən həyata keçirilir.
Dinləmələrdən əvvəl ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, müsabiqənin bədii şurasının üzvü, yazıçı-dramaturq İlqar Fəhmi və Semih Kaplanoğlu iştirakçılarla görüşüb, mətbuat nümayəndələrinə dinləmələrin gedişi ilə bağlı məlumat veriblər.
Orxan Fikrətoğlu diqqətə çatdırıb ki, inkişaf proqramına göndərilmiş layihələr üzrə bu gün ARKA-nın ssenari laboratoriyasında ilk iş günüdür: "Düşünürük ki, yeni istehsalat sistemində yaranacaq yeni Azərbaycan kinosunun ssenari modeli olaraq ilkin rüşeymlərini məhz bu laboratoriya cücərdəcək. Semih bəy dünya vizual mədəniyyəti dilində danışmaq bacarığını sizlərlə bölüşəcək.".
İlqar Fəhmi layihələrin təkmilləşdirilməsi, ssenari yazılışının qaydaları, prodüser sənətinin incəliklərinin öyrədilməsinin vacibliyini qeyd edib.
Semih Kaplanoğlu layihə və sinopsislərin təqdiminin incəlikləri, müasir dünya kinosunda tələblər və ssenari üslubu ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu gün dünyada ən çox maliyyə ssenariyə ayrılır: "Ssenari ticari materialdır və bu, memarın layihəsinə bərabərdir. Burada hər hansı bir xətanın olması mümkün deyil. Həyatın ssenariyə qarışması mütləqdir".
Çıxışlardan sonra film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləməsi keçirilib.