- , 22 Dekabr, 2024
Tarix: 12.12.2023 09:54
Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.
“Qafqazinfo” xəbər verir ki, dekarın 12-də “Sea Breeze” işi üzrə 2 məhkəmə prosesi təyin olunub. Hər iki işi üzrə hakim də, prokuror da eyni şəxslərdir. İşdə dövlət ittihamını prokuror Amin Şəkərəliyev müdafiə edir.
Birinci iş üzrə 4 nəfər - Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşib.
Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib. Bu iş üzrə Elnur Məmmədov və Cavad Muradov zərərçəkmiş şəxs kimi tanınıblar.
Sonuncu iclasda sərbəst ifadə verən M.Ə ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Bildirib ki, həmin ifadə ondan təzyiq altında, valideyninin iştirakı olmadan alınıb.
Məktəbli hakim Mirheydər Zeynalovun suallarına cavab olaraq bildirib ki, müstəntiq onun üstünə qışqırmaqla, onu evə buraxacağını deməklə aldatmaqla özünün yazdığı ifadəyə qol çəkdirib. Hakim onun imtina etdiyi ifadəni elan edib. Həmin ifadəyə görə M.Ə hadisə baş verən zaman “Sea Breeze”də Elmir İsmayılovun yanında olub. M.Ə hakimin diqqətinə çatdırıb ki, ifadə başdan-ayağa yalandır, o, hadisə baş verən zaman Mərdəkan qəsəbəsində dostları ilə bağda olub.
Prokuror Amin Şəkərəliyev müstəntiqin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib. Vəkillərin, təqsirləndirilənlərin, zərərçəkənlərin qəti etirazlarına baxmayaraq, prokurorun vəsatəti təmin olunub. Bu gün keçiriləcək prosesə iş üzrə müstəntiqin dəvət olunaraq dindiriləcəyi gözlənilir.
Bu gün “Sea Breeze” işi üzrə daha bir proses eyni hakim Mirheydər Zeynalovun sədrliyi, eyni prokuror Amin Şəkərəliyevin iştirakı ilə davam etdiriləcək. Bu iş üzrə isə digər işdə zərəçəkən olan Cavad Vahid oğlu Muradovla Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslərdir. Elnur Leysan oğlu Məmmədov isə şahid statusundadır.
Zərərçəkən şəxslər isə digər işdə təqsirləndirilən statusunda olan Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə Məhəmməd Həsənzadədir.
Cavad Muradova Şamxal Məmmədovdan fərqli olaraq xuliqanlıq ittihamı ilə yanaşı, əmlakı qəsdən zədələmə ittihamı da verilib. Məhkəmədə məlum olub ki, restoranda söyüş söyüb dava salan da, Elmir İsmayılov və digərlərini ətrafındakılarla bərabər döyən də, onun maşınını əzən də Elnur Məmmədov olub. Cavad Muradova gəlincə isə onun təşəbbüsü ilə hadisədən bir neçə saat sonra o və Elnur Məmmədov Elmir İsmayılov və digərləri ilə görüşüb üzrxahlıq edib, barışıblar.
Bu, iki aya yaxındır keçirilən proseslərdə də dəfələrlə hakim diqqətinə çatdırılıb, elə dava baş verən gün barışdıqları, aralarında hər hansı bir narazılıq, ədavət olmadığı bildirilib. Buna baxmayaraq, kimlərsə prosesin davam etdirilməsində maraqlıdır.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, “Sea Breeze”dəki davanın iştirakçısı olan Elnur isə Vergilər Xidmətinin inspektorudur.