Şənbə, 21 Noyabr, 2026
Tarix: 20 Nov 2026 15:39
Türkiyədə keçirilən COP31 çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən qlobal istiləşmə dövründə ailə dayanıqlığı, yaşlı insanların və əlilliyi olan şəxslərin müdafiəsi məsələlərinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev ölkəmizdə aparılan sosial siyasətin vətəndaş rifahının, sosial ədalətin və bərabər imkanların təmin edilməsinə hədəfləndiyini vurğulayıb. Nazir müavini Azərbaycanda həssas qruplara aid şəxslər və ailələrlə bağlı icra olunan sosial dəstək proqramları barədə məlumat verib.
O, son illərdə ölkəmizdə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketinin icrası nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə ciddi artımların edildiyini vurğulayıb.
Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı reinteqrasiya tədbirləri, onların ailə mühitində böyüməsi və inkişafının dəstəklənməsi, övladlığagötürmə və “Himayədar ailə” modelinin tətbiqi işləri, tənha ahıl və əlilliyi olan şəxslərin səyyar formada sosial xidmətlərlə təminatı işləri diqqətə çatdırılıb.
BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasını ratifikasiya etmiş Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası, onlar üçün inklüziv imkanların yaradılması sahəsində həyata keçirilən tədbirlər qeyd edilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Paralimpiya İdman Kompleksi və digər qurumlar vasitəsilə əlilliyi olan şəxslərin yaradıcı və idman fəaliyyətlərində iştirakına dəstək göstərilməsindən bəhs olunub.
Günay Elşən ƏƏSMN COP31 Türkiyə

Mənbə: apa.az