Şənbə, 21 Noyabr, 2026
Tarix: 20 Nov 2026 21:01
20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərdə ictimai-mədəni tədbirlər təşkil olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam Şəhəri Günü ilk dəfə qeyd olunur.
Tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Gün ərzində kompleksdə təşkil edilən yarmarkada yerli istehsalçı və sahibkarların məhsulları nümayiş etdirilib, qonaqlara milli mətbəx nümunələri təqdim olunub.
Bayram proqramı çərçivəsində Qarabağ atlarının şousu, cövkən oyunu, canlı milli musiqi çıxışları və müxtəlif əyləncəli proqramlar təşkil edilib.
Ağdam Muğam Mərkəzində incəsənət sərgiləri, məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib. Mərkəzin amfiteatrında “Qaya” qrupunun iştirakı ilə konsert proqramı təqdim olunub, Ağdam şəhəri haqqında sənədli film nümayiş etdirilib.
Bununla yanaşı, Ağdam şəhər 1 nömrəli tam orta məktəbində uşaqlar üçün “Göyçək Fatma” tamaşası göstərilib.
Günün davamında rəsmi şəxslər incəsənət sərgiləri ilə tanış olub, Ağdam Muğam Mərkəzinin səhnəsində “Ağdam üçün oxu” klipi nümayiş etdirilib. Bayram proqramı qala-konsert və atəşfəşanlıqla başa çatıb.
Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Ağdam sakinləri və şəhərin qonaqları iştirak ediblər.
Elgün Gəncimsoy Ağdam











Mənbə: apa.az