Bazar ertəsi, 23 Noyabr, 2026
Tarix: 23 Nov 2026 16:38
Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasından çıxmaq üçün Roma Statutunun denonsasiyası proseduruna başlayıb.
APA xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin adından yayılan bəyanatda bildirilib.
Məlumata görə, Düşənbə müvafiq bildirişi artıq BMT-yə təqdim edib.
Roma Statutunun qaydalarına əsasən, ölkənin BCM-dən çıxmaq qərarı bildirişin təqdim edildiyi tarixdən bir il sonra qüvvəyə minəcək. Beləliklə, Tacikistan 2027-ci il noyabrın 20-də məhkəmənin iştirakçı dövlətləri sırasını rəsmən tərk edəcək.
Qeyd edək ki, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən əsas beynəlxalq müqavilədir. Sənədi ratifikasiya etmiş dövlətlər məhkəmənin yurisdiksiyasını tanıyır və onun qərarlarını, o cümlədən həbs orderlərini icra etmək öhdəliyi daşıyırlar.
Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti və qərarları əvvəllər də beynəlxalq müstəvidə mübahisələrə səbəb olub. Xüsusilə, məhkəmənin fəaliyyətində hüquqi prinsiplərdən daha çox siyasi amillərin nəzərə alındığı ilə bağlı tənqidlər səsləndirilib.
İlqar Xudiyev Tacikistan Beynəlxalq Cinayət Məhkəməsi Rom Statutu BMT
Mənbə: apa.az