Özbəkistanda Şeyx Əbülqasım əl-Gəncinin həyatına həsr olunan material hazırlanıb

Özbəkistanda Şeyx Əbülqasım əl-Gəncinin həyatına həsr olunan material hazırlanıb

Tarix: 26 Nov 2026 11:09

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Şeyx Əbülqasım əl-Gəncinin həyat və fəaliyyətini əks etdirən material hazırlayıb.

APA xəbər verir ki, təxminən 1850-ci illərdə Gəncədə dünyaya gəlmiş Şeyx Əbülqasım əl-Gənci Mərkəzi Asiyanın maarifçilik həyatında mühüm rol oynayaraq Səmərqənddə ilk dünyəvi məktəbin yaradıcılarından biri olub.

Şeyx Əbülqasım əl-Gənci azərbaycanlı din alimi, pedaqoq və maarifçi olub. Həyatının mühüm bir dövrünü Səmərqənddə keçirən Şeyx Əbülqasım burada dini elmlərin tədrisi ilə məşğul olub, bölgənin elmi və mənəvi həyatında özünəməxsus yer tutub. Onun fəaliyyəti Azərbaycanla Mərkəzi Asiya arasında tarixi-mədəni əlaqələrin diqqətəlayiq nümunələrindən biridir. Mənbələrdə adı Əbülqasım əl-Gənci, Şeyx Əbülqasım, Əbülqasım Axundzadə Gənci, eləcə də “əl-Gənci” və “Şeyx Türk” kimi qeyd olunur.

Mövcud məlumatlara görə, Əbülqasım müəyyən müddət Bakının neft mədənlərində çalışıb. Həmçinin onun 1880-ci illərdə Bakı fəhlələrinin etirazlarında iştirak etdiyi, buna görə Sibirə sürgün olunduğu, daha sonra isə sürgündən qaçaraq İran vasitəsilə Bağdada getdiyi qeyd edilir.

Sürgündən xilas olduqdan sonra Əbülqasımın həyatında Bağdad mərhələsi başlanıb. Qaynaqlarda onun burada dini təhsilini davam etdirdiyi və Bağdad Nizamiyyə mədrəsəsində təhsil aldığı qeyd olunur. Məhz həmin dövrdə o, Buxara ilə bağlılığı olan Məşədi Kazımla tanış olub. Bu tanışlıq sonradan Əbülqasımın Mərkəzi Asiyaya gəlməsində və fəaliyyətini Səmərqənddə davam etdirməsində mühüm rol oynayıb.

1901-ci ildə Şeyx Əbülqasım əl-Gənci ailəsi ilə birlikdə Bağdaddan Səmərqəndə gəlib. Araşdırmalarda onun həmin il şəhərin köhnə hissəsində yerləşən Çorraha məhəlləsində məktəb açdığı göstərilir. Mənbələrdən birində bu barədə belə qeyd olunur: “Bu maktabni 1901 yilda Bag‘dod (Iroq)dan vaqtincha oilasi bilan Samarqandga kelgan Al Ganji yoki Shayx Turk ochadi. Aslida u Ozarboyjonning Ganja shahridan bo‘lib...” Bu məlumat Şeyx Əbülqasım əl-Gəncinin Səmərqənddəki fəaliyyətinin başlanğıcını 1901-ci illə əlaqələndirməyə əsas verir.

Şeyx Əbülqasım əl-Gəncinin Səmərqənddəki fəaliyyətinin əsas istiqamətini təhsil və maarifçilik təşkil edib. O, burada ənənəvi dini təhsillə kifayətlənməyən, şagirdlərin daha geniş bilik və dünyagörüşü əldə etməsinə yönəlmiş məktəb yaradıb. Qaynaqlarda onun yaratdığı təhsil müəssisəsi yeni tədris üsullarının (üsuli-cədid) tətbiq edildiyi məktəblər sırasında göstərilir. Bu baxımdan Əbülqasım əl-Gəncinin fəaliyyəti XX əsrin əvvəllərində Türküstan bölgəsində genişlənməkdə olan yeni üsullu təhsil və maarifçilik hərəkatı ilə səsləşir.

Onun pedaqoji fəaliyyətinin tarixi əhəmiyyətini artıran əsas məqamlardan biri sonralar tanınmış maarifçi, pedaqoq, publisist və tərcüməçi kimi fəaliyyət göstərən Seyid Rza Əlizadənin müəllimi olmasıdır. Mənbələrdə Seyid Rzanın Əbülqasım əl-Gəncinin məktəbində təhsil aldığı, təhsilini uğurla başa vurduqdan sonra isə müəlliminin təşəbbüsü ilə həmin məktəbdə müəllim kimi fəaliyyətə başladığı qeyd olunur.

Şeyx Əbülqasım əl-Gəncinin fəaliyyəti yalnız pedaqoji və maarifçilik işi ilə məhdudlaşmayıb. O, eyni zamanda, dini-maarifçi məzmunlu əsərlər qələmə alıb. Mənbələrdə onun müəllifi olduğu əsərlər sırasında “Gülzari-həqiqət” (“Gulzori haqiqat”) və “Risolai ittihodiya” kimi əsərlərin adı çəkilir.

Xüsusilə “Gülzari-həqiqət” Şeyx Əbülqasım əl-Gəncinin yazılı irsinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Əsər onun dini, mənəvi və maarifçi baxışlarının araşdırılması üçün qiymətli mənbə hesab olunur.

Digər əsəri “Risolai ittihodiya” Əbülqasım əl-Gəncinin yalnız pedaqoq və din alimi kimi deyil, həm də dini-fəlsəfi və maarifçi görüşlərini yazılı şəkildə ifadə edən müəllif kimi fəaliyyət göstərdiyini ortaya qoyur.

Şeyx Əbülqasım əl-Gəncinin Səmərqənddə nə qədər müddət yaşadığı və şəhərdən dəqiq hansı tarixdə ayrıldığı barədə mövcud qaynaqlarda yekdil məlumat yoxdur. Bəzi sonrakı bioqrafik mətnlərdə onun 1911-ci ildə ailəsi ilə birlikdə Səmərqənddən ayrılaraq İraqa qayıtdığı qeyd olunur.

Tanınmış azərbaycanlılar Şeyx Əbülqasım əl-Gənci Mərkəzi Asiya

Mənbə: apa.az

Xəbər Lenti