Türkiyədə illik inflyasiya 62%-dən aşağı enib

Tarix: 05.08.2024 11:10

Türkiyədə illik inflyasiya yenidən azalıb.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin iyul ayında illik inflyasiya 61.78% təşkil edib. İyun ayında bu rəqəm 71.60% təşkil etmişdi. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.23%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 28.76% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 39.57% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 104.5% ilə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, caril ildə isə bu göstəricinin ən yüksək səviyyəsi-75.45% may ayında qeydə alınıb.

Xəbər Lenti