- , 22 Dekabr, 2024
Tarix: 18.12.2023 12:17
Bakıda keçirilən “Mədəni İrs” forumu çərçivəsində Heydər Əliyev Fondu və bp şirkəti Azərbaycanın mədəni irsinin rəmzlərindən olan xalça sənətinə həsr edilən “Azərbaycan xalçaları-ilmələrin rəqsi” kitabının ingilis dilində nəşrini təqdim edib.
APA xəbər verir ki, xalçaçılıq sənəti əsrlər boyu Azərbaycanın milli mənsubiyyətini və milli dəyərlərini təmsil edən bir sənət növü kimi tanınır.
Qeyd edək ki, Azərbaycan dilində nəşr və eyniadlı xalça kolleksiyasından ibarət sərgi 2022-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilib.
bp-nin təşkilatı dəstəyi ilə isə kitab ingilis dilində hazırlanaraq nəşr olunub. bp bu gözəl kitabın nəşri ilə bağlı layihəni Azərbaycanın zəngin və qədim tarixini, mənəvi dəyərlərini, füsunkar mədəni irsini və möhtəşəm incəsənət xəzinəsini təbliğ etmək öhdəliyinin bir hissəsi olaraq dəstəkləyib.
Nəşrdə hər bir xalçanın təsviri fərqləndirici xüsusiyyətləri haqqında müfəssəl məlumatlarla müşayiət olunur. Bundan əlavə, kitaba layihə, Azərbaycan xalçaçılıq sənətinin tarixi, əsas istiqamətləri və texnikası, həmçinin bu ecazkar layihənin ilham qaynağı olmuş memarlıq və mədəniyyət möcüzələri haqqında məlumatlar daxildir. Nəşrə daxil olan xalçaların hazırlanmasında 6 rəssam və 14 xalçaçı iştirak edib. Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə çərçivəsindəki xalçalar səkkiz il ərzində təbii boyalarla rənglənmiş ipək və yun iplərdən toxunub.