Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib

Tarix: 21.10.2024 11:42

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Arif Bəhərçiyevin Cinayət Məcəlləsinin 120.1, 120.2.2, 120.2.3 maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmə oktyabrın 28-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib.

2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər Lenti