Bakıda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 18 yaşlı oğlanın məhkəməsi başlayıb

Tarix: 23.10.2024 11:56

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin saxlanılmasını istəyib.

Məhkəmə Rəhim Əsədov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Məhkəmənin baxış iclası oktyabrın 30-da təyin edilib.

Qeyd edək ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər Lenti