“ADY Ekspress” MMC yenidən təşkil olunur

Tarix: 24.10.2024 11:57

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sistemli və ardıcıl inkişaf tədbirləri və islahatlar həyata keçirilir.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, ölkəmiz üçün ən əhəmiyyətli beynəlxalq nəqliyyat marşrutlarından biri olan, Şərq-Qərb və əks istiqamətdə tranzit yüklərin daşınmasının həyata keçirildiyi “Orta Dəhliz”in inkişaf etdirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla birlikdə son illərdə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində koordinasiyalı birgə fəaliyyət təşkil edilir və koordinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu ildən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi üzrə işlərə başlanılıb.

Dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının önəminin getdikcə artmasını nəzərə alaraq, eləcə də bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanda tranzit daşımaların səmərəli idarə edilməsi üzrə mövcud olan təcrübələrə əsaslanaraq ADY-də də konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə zərurət yaranıb. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu vacibdir.

Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək. ADY Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilən yenidən təşkil prosesi nəticəsində “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürəcək və müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim edəcək.

Yenidən təşkil olunan “ADY Ekspress” MMC tam dövriyyəli logistika əməliyyatları, həmçinin multimodal daşımalar təklif etməklə müştərilərin həm vaxtına, həm də maliyyə xərclərinə qənaət etməsinə imkan yaradacaq. Şirkət, eyni zamanda, rəqəmsal texnologiyalarla logistika proseslərinin idarə olunmasını optimallaşdıraraq dəhliz boyu yükdaşımaların şəffaflığını və təhlükəsizliyini təmin edəcək. Bu məqsədlə yeni texnologiyaların tətbiqi ilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində rəqabət qabiliyyətli bir rəqəmsal platformanın yaradılması nəzərdə tutulub.

Qeyd edilən islahatlar Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması ilə bərabər ölkə daxilində də yük daşımaları sahəsində xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin ümumi səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.

ADY ölkənin tranzit imkanlarının genişləndirilməsi ilə yanaşı, dəmiryol daşımaları sahəsində ümumi bazar mühitinin daha sağlam və dayanıqlı inkişaf edirilməsi, o cümlədən şəffaf və ədalətli bazar rəqabətinin təmin olunması, bütün bazar iştirakçıları üçün bərabər şərtlərin yaradılaraq agent ekspeditorların fəaliyyətinin dəstəklənməsi istiqamətində bundan sonra da islahatlarını davam etdirəcək.

Xəbər Lenti