- Bazar ertəsi, 30 Dekabr, 2024
Tarix: 13.11.2024 11:47
Koloniyalarda hərbi güc tətbiqi ilə bağlı addımların iqtisadi və ekoloji təsirləri hələ də davam edir.
APA xəbər verir ki, bunu Bakıda COP29 konfransı çərçivəsində “Eko-müstəmləkəçilik: "Eko-Kolonializm: müstəmləkəçilik və neo-kolonial istismarin ekoloji miras"" adlı tədbirdə BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin müstəqil eksperti, qlobal idarəetmə üzrə beynəlxalq müşavir, Virciniya adalarının keçmiş xarici işlər naziri Carlyle Corbin deyib.
O bildirib ki, bu təsirlərin aradan qaldırılması üçün COP29 çərçivəsində müzakirələrə ehtiyac var.
Tədbirdə çıxış edənlər müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladığı ərazilərdə təbiətə verdiyi ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində aparılan işlər, xüsusilə də ekoloji baxımdan istismara məruz qalan bu ərazilərdə törədilən ekoloji cinayətlərə diqqəti cəlb ediblər.
Tədbirdə Fransa və Niderland müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki vəziyətdən danışıblar. Həmçinin, müstəmləkə ərazilərində müstəmləkəçı güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarını, meşələrin qırılması, torpaqların çirklənməsi, o cümlədən Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının hələ də qalması və təsirə məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Qvadelupada xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi ziyanlar, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması müzakirə edilib.
Spikerlər dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin daha fəsadlı olmasını kolonializm ilə əlaqələndirib, Fransa və Niderlanddan yerli xalqların tələblərinə əməl etməyi tələb ediblər.