- Şənbə, 21 Dekabr, 2024
Tarix: 19.12.2024 11:58
"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub".
APA xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.
"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.
***
11:30
Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.
Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.