“Maşının içində ölümümü gözlədim”

Tarix: 19.12.2023 21:17

Ağcabədidə 1955-ci il təvəllüdlü arvadı Dəstəgül Mehdiyevanı balta ilə öldürən 70 yaşlı Əliyar Mehdiyevin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 15-də baş verib.

Məhkəmədə ifadə verən Əliyar Mehdiyev hadisənin arvadı tərəfindən təhqir olunması nəticəsində baş verdiyini bildirib.

Məlum olub ki, o, hadisədən bir neçə gün əvvəl Dəstəgül Mehdiyeva ilə Bərdədə keçirilən toy məclisində iştirak edib:

“Dəstəgül bəyənmədiyim, aramızda ədavət olan qohumlarla mənim ziddimə olaraq səmimi münasibət qurub deyib-gülürdü. Buna görə aramızda bir neçə dəfə mübahisə olub. Növbəti mübahisələrin birində məni təhqir etdi. Necə olduğunu bilmədim, bir anda əsəbiləşib mətbəxtə olan baltanı Dəstəgül tərəfə atdım, üzünə dəydi. Sonra kəsici tərəfi ilə onun başının arxasından zərbələr endirdim. Hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələrimdən başqa heç kim olmayıb. Bundan sonra maşına əyləşərək təsadüfi istiqamətdə getdim. Məqsədim özümü öldürümək idi. Maşını kanaldan aşağı sürmək istəsəm də, bunu bacarmadım. Qan təzyiqinə görə istifadə etdiyim həblərdən bir neçəsini qəbul edib maşının içində ölümümü gözlədim. Qohumlar dayanmadan zəng edirdi. Onlara intihara cəhd etdiyimi deyərək gəlib məni götürmələri üçün olduğum yeri söylədim”.

Məhkəmədə ifadə verən Əliyar Mehdiyevin övladları atalarından şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildirib. Övladları qeyd edib ki, anası Dəstəgül Mehdiyeva həmişə qardaşlarını ərindən üstünü tutub.

Qeyd edək ki, Dəstəgül Mehdiyeva ilə Əliyar Mehdiyevin 16 nəvəsi, 5 nəticəsi var.

Emin Səfərov

Xəbər Lenti