Çərşənbə, 12 Mart, 2025
Tarix: 12.03.2025 11:43
Hamımızı narahat edən məsələlərdən biri son illərdə nikahın pozulması hallarının, aliment və ailə mübahisələrinin artması, çoxlu sayda məhkəmə qətnamələrinin, icra sənədlərinin ortaya çıxmasıdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.
O bildirib ki, icra qurumlarının artan iş yükü fonunda nazirlik daha effektiv çalışmaq üçün bütün mümkün vasitələrdən istifadə edir: “Amma Ədliyyə Nazirliyi tək bu məsələnin öhdəsindən gəlməkdə müəyyən çətinlik çəkir. Məhkəmə qərarlarının artan tendensiyası göstərir ki, daha çox sayda məhkəmə qərarları qəbul etmək və icrası ilə bu problem həll olunmur. Bir cəmiyyətdə artıq Ali Məhkəməyə qədər gedən məhkəmə aktları, qərarları mübahisə olunur, bəzən insanların bir-biri ilə prinsip apararaq yuxarı instansiya məhkəmələrinə şikayət etməsi məhkəmələrin iş yükünü artırır. Bəzən görürsən ki, bir nikahın pozulması faktı özlüyündə bir neçə mübahisəni ortaya çıxarır. Bir nikahın pozulmasından yeni aliment, əmlak bölgüsü və uşaqla ünsiyyət mübahisəsi ortaya çıxır".