Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub - FOTO

Tarix: 15.07.2025 11:40

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Gününün 9-cu ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə dövlət və hökümət nümayəndələri iştirak ediblər. Tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqının qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını aldığını deyən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxışında vurğulayıb ki, 2016-cı il iyulun 15-də baş verən hadisə zaman Türkiyə 251 şəhid verib: "Dövlət çevrilişi cəhdindən artıq 9 il ötür. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb". Asip Kaya qeyd edib ki, Azərbaycan hadisənin baş verdiyi andan qardaş Türkiyənin yanında olub, öz dəstəyini qardaş ölkə­dən əsirgəməyib. 15 iyulda Azərbaycanın göstərdiyi dəstək iki ölkənin bir-birinə bağlılığının, qardaşlığının nümunəsidir. Tədbirdə 15 iyul hadisələrini və Türkiyənin inkişafını əks etdirən videoçarxlar nümayiş olunub. Tədbirdə çıxış edənlər Türkiyə dövlətinin 9 il öncə üzləşdiyi hadisə barədə danışıb, keçirilən bu tədbirin əsas məqsədinin dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək, səbəbkarların əmələrini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdan ibarətdir olduğunu qeyd ediblər.

Xəbər Lenti