- , 22 Dekabr, 2024
Tarix: 27.12.2023 17:10
Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində ədliyyə zabitinə qarşı zorakılıq etmiş məhbusa növbəti hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan məhbus, 1966-cı il təvəllüdlü V.Eyyubov (şərti) dəhlizin nəfəsliyindən tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində işləyən ədliyyə mayorunun üzərinə qaynar su töküb.
İkinci dərəcəli termiki yanıq xəsarəti alan ədliyyə zabitinə tibbi yardım göstərilib.
Bundan sonra məhbus barəsində Cinayət Məcəlləsinin 317.3-cü (Cəzaçəkmə müəssisəsi əməkdaşına zor tətbiq etmə) maddəsi ilə iş açılıb. 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən və 3 il 6 ay müddətinə həbs edilən şəxsin barəsindəki yeni cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə ədliyyə zabiti V.Eyyubovun müəssisənin qaydalarını pozduğunu bildirib və bu səbəbdən onun cərimə təcridxanasına salındığını, daha sonra isə qisas məqsədilə ona qaynar su ataraq xəsarət yetirdiyini deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhbusa yeni cinayət işi üzrə 7 il 6 ay həbs cəzası verilib. Onun əvvəlki cinayət işindən 1 il 8 ay həbs müddəti ilə yeni hökm birləşdirilərək yekunda 8 il həbs cəzası təyin edilib.