- , 22 Dekabr, 2024
Tarix: 28.12.2023 17:11
Xəbər verdiyimiz kimi kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmiş 50 yaşlı Polad İsmayılov bu gün bəraət alıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Apellyasiya Məhkəməsi müttəhimin təqsirini sübuta yetirən əsaslı dəlil və sübutlar olmaması əsası ilə belə qərar qəbul edib.
Qərardan sonra əsas maraqlı məqamlardan biri ömrünün 4 ilə yaxınını həbsdə keçirən İsmayılovun təzminat məsələsidir.
Bəraət almış şəxsə “içəridə” keçirdiyi illərə görə, hansı formada və nə qədər təzminat verilə bilər?
Fotoda: Polad İsmayılov və vəkili
Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsində deyilir ki, bəraət almış şəxs həbsdə olduğu müddətdə əmək haqqından, pensiyasından, digər gəlirlərindən məhrum olunubsa, maddi ziyana görə təzminat ala bilər. Bundan əlavə, şəxsə mənəvi ziyana görə də təzminat verilə bilər.
Bunun üçün bəraət almış şəxs mülki qaydada məhkəməyə müraciət etməlidir. İddia əsaslı hesab olunarsa, Maliyyə Nazirliyi məhkəmənin təyin etdiyi ziyanı iddiaçıya ödəməlidir. Qanunda dəymiş ziyana görə konkret nə qədər təzminat ödənilə biləcəyi qeyd edilməyib. Lakin son illərdə çıxarılmış qərarlardan görünür ki, mənəvi ziyan şəxsin həbsdə keçirdiyi hər aya görə min manat hesablanır. Maddi ziyan isə bəraət almış şəxsin həbsindən əvvəl aylıq gəlirinə uyğun verilir.
Polad İsmayılovun hüquqlarını vəkil Zabil Qəhrəmanov müdafiə edir. Qəhrəmanov mediada daha çox “Nərmin işi” ilə bağlı tanınıb. O, həmin işdə ittiham edilən İlkin Süleymanovun müdafiəçisidir.
Vəkil bəraət almış müvəkkilinin təzminat hüququndan istifadə edəcəyini deyib: “Cinayət Prosessual Qanunvericiliyində 56-cı maddəsinə əsasən bəraət almış şəxsin maddi və mənəvi ziyana görə təzminat tələb etmək hüququ var. Bu məsələ qərarda da öz əksini tapıb, hakim bəraət almış şəxsə təzminat tələb etmək hüququnu izah edib. Əlbəttə ki, biz də gələcəkdə bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik”.
Bu iş üzrə maraqlı məqamlardan biri də bəraət almış şəxslə bağlı istintaq aparmış müstəntiqlər və ittihamedici hökm çıxarmış hakimlər barəsində hansısa tədbir görülüb-görülməməsidir. Z.Qəhrəmanov açıqlamasında bu məsələyə də aydınlıq gətirib.
Məlum olub ki, bəraətverici qərarda iş üzrə istintaq hərəkətlərini həyata keçirən şəxslər barəsində xüsusi qərar çıxarılıb. Həmin qərarda sözügedən şəxslər haqda tədbir görülməli olduğu bildirilib, bu qərarın icrası aidiyyəti üzrə yönləndirilib.
Vəkil ibtidai istintaq aparan şəxslərdən əlavə Şəki Ağır Cinayətlər Məhkəməsinin bu iş üzrə ittihamedici hökm çıxarmış hakimlər heyətindən ikisi haqda da (biri vəfat edib-red) tədbir görülməsini tələb edib. Məhkəmə bu tələbə münasibət bildirilməyib.
Sail Ağasəlim