Nigar Məmmədova: Əmək yalnız səmərəli deyil, eyni zamanda təhlükəsiz olmalıdır

Tarix: 16 Dec 2025 13:31

“Əmək Məcəlləsinə edilən dəyişikliklər olduqca mühüm və fundamental məsələləri əhatə edir. Burada söhbət həm əməyin mühafizəsi və işçilərin sağlamlığı, həm rəqəmsal mexanizmlərin tətbiqi, həmçinin qadınların və analığın hüquqlarının qorunması və digər vacib yeniliklərdən gedir. Bu istiqamətlər vətəndaşların həyat keyfiyyəti baxımından xüsusi əhəmiyyət daşıyır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsində deyib.

Deputat ilk olaraq əməyin mühafizəsi və işçilərin sağlamlığı məsələsinə toxunub:

“Müasir dövrdə əmək yalnız səmərəli deyil, eyni zamanda təhlükəsiz olmalıdır. İnsan həyatının və sağlamlığının qorunması dövlət siyasətinin prioritetidir. Təklif olunan dəyişikliklər məhz risklərin qarşısının alınmasına, profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edir.

Bu baxımdan əməyin mühafizəsi üzrə mühəndisin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu, əmək şəraitinə peşəkar nəzarətin təmin edilməsi, təhlükəsizlik normalarına əməl olunması və mümkün pozuntuların vaxtında aşkar edilməsi deməkdir. Belə bir mütəxəssisin mövcudluğu istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin azalmasına, nəticə etibarilə isə işçilərin sağlamlığının real qorunmasına xidmət edəcək.

İkinci mühüm istiqamət — rəqəmsallaşmadır.

Əmək və inzibati proseslərdə rəqəmsal alətlərin tətbiqi şəffaflığın artırılmasına, prosedurların sadələşdirilməsinə və artıq bürokratik maneələrin aradan qaldırılmasına imkan verir.

Rəqəmsallaşma işçilərin hüquqlarının daha effektiv qorunmasına, işəgötürənlər üçün aydın qaydaların formalaşmasına və dövlət idarəçiliyinin müasir tələblərə uyğun qurulmasına xidmət edir”.

Deputat xüsusi olaraq qadınların və analığın hüquqlarının qorunmasına dair müddəaları vurğulayıb: “Qanun layihəsi hamilə qadınların və azyaşlı uşağı olan qadınların öz müraciətləri əsasında yüngülləşdirilmiş iş rejimindən istifadə etmək hüququnu təsbit edir. Bu, qadınlara peşə fəaliyyətini ailə və uşağa qayğı ilə uzlaşdırmaq imkanı yaradır və onların əmək hüquqlarının qorunmasını təmin edir.

Eyni zamanda, üç yaşınadək uşağı olan qadının işdən azad edilməsinin qadağan olunması və bu qadağanın pozulmasına görə işəgötürənin məsuliyyət daşıması son dərəcə prinsipial bir normadır. Bu, qadına həyatının ən həssas dövründə sabitlik və sosial müdafiə hissi verir.

Bu dəyişikliklər cəmiyyətə açıq mesaj verir: analıq sosial risk mənbəyi deyil. Qadını qorumaqla biz ailəni, uşağı və cəmiyyətin gələcəyini qoruyuruq”.

Firuzə Vahid

Xəbər Lenti